Sentyabrın 20-də atəşkəslə bağlı bütün qərarları Qarabağ ermənilərinin nümayəndələri verib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib.

Onun iddiasına görə, İrəvan Qarabağdakı silahlı separatçıların və Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ordusuna təslim olmasından son anda xəbər tutub.

“Bir daha bildiririk ki, sentyabrın 20-də atəşkəslə bağlı bütün qərarlar “dağlıq qarabağ” tərəfindən verilib. Ermənistan Respublikası qərarların qəbulunda iştirak etməyib. Ermənistan Respublikası ümumilikdə prosesin baş verməsindən xəbərdar idi, amma nüanslar haqqında konkret məlumata malik deyildi. Ermənistan Respublikasının sənədlərin müzakirəsi mexanizmləri, qərarların qəbulu formatı haqda məlumatı yox idi. “Dağlıq qarabağ” Rusiya Federasiyasının sülhməramlı qüvvələri ilə və yaxud onlar vasitəsilə məsələləri müzakirə edib və koordinasiya edib”, - Baqdasaryan bildirib.