“Qarabağda erməniləri üçün yalnız bir çıxış yolu var: reinteqrasiya. Rusiya da buna mane ola bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Prezident administrasiyasının Qarabağ icması ilə müzakirələrin Bakıda davam etdirilməsi təklifi yerində edilib, unikal təklifdir. Çünki Qarabağ erməniləri Azərbaycan vətəndaşıdır, onlarla müzakirələrin paytaxtımızda davam etdirilməsi normaldır. Hesab edirəm ki, belə də olmalıdır. Bu, həm də Qərbin bir sıra dövlətlərinə də mesajdır ki, ittiham və iddiaların əksinə olaraq, biz ermənilərin buradan getməsinə çalışmırıq, öz vətəndaşlarımız kimi onalrla dil tapmağa çalışırıq. Amma Rusiya buna da mane olmağa çalışır. Qarabağın erməni icması müvəqqəti olaraq Rusiyanın girovluğundadır. Əlbəttə, bu durum düzələcək və hər şey buna doğru gedir. Azərbaycan öz vətəndaşları ilə kənar vasitəçi olmadan danışacaq. Bu, bizim daxili işimizdir və özümüz həll edəcəyik”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadə bir təkliflə də çıxış edib:

“Azərbaycanda 20 mindən çox erməni yaşayır, onların arasında Qarabağda doğulmuş və orada yaşamış ermənilərin olduğu qənaətindəyəm. Əgər elə biri varsa, erməni icmasının nümayəndəsi kimi danışıqlara cəlb etmək olar. Qarabağda erməniləri üçün yalnız bir çıxış yolu var: reinteqrasiya. Rusiya da buna mane ola bilməz”.
Politoloq bildirib ki, yaxın vaxtlarda Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurduqdan sonra ərazimizdə erməni separatizminə və rus təxribatına son qoyacağıq:
“Zənnimcə, onların nazı ilə çox oynamayacağıq, çünki buna nə zamanımız, nə də səbrimiz var. Ermənilərin və Rusiya sülhməramlılarının nazları ilə oynamaq əleyhimizə işləyə bilər. Çünki Ermənistan Laçın dəhlizinə BMT-nin “faktaraşdırıcı missiyası” və Avropa Birliyinin mülki müşahidəçilərini dəvət etmək istəyir. Əlbəttə, onun buna hüququ yoxdur, son sözü biz deyəcəyik. Artıq hərəkətə keçmişik, hədəf bəllidir, ona çatmamış dayanmaq olmaz. Beynəlxalq hüquq və bölgədə dəyişən geosiyasi reallıq da əleyhimizədir - bizə nə Qərb, nə də Rusiya mane ola bilər”.