Kraudfandinq hazırda dünyada kütləvi sərmayə cəlb etmək üçün əsas alətlərdən birinə çevrilməkdədir. Qlobal kraudfandinq bazarının dövriyyəsi ilə bağlı fərqli rəqəmlər təqdim olunsa da, təxmini kapital həcminin 20 milyard dollardan çox olduğu bildirilir. Daha çox P2P prinsipi əsasında sərmayənin cəlbini reallaşdıran platformalar qlobal və regional layihələrin maliyyələşdirilməsini həyata keçirirlər.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, ənənəvi mükafatlandırma və ianə kampaniyaları qlobal ümumi kapital həcminin təxminin 1 faizini təşkil edir.
"Kraudfandinq üsullarına gəldikdə isə səhm əsaslı, borc əsaslı, blokçeyn əsaslı və digərlərini qeyd etmək lazımdır. Qlobal olaraq kraudfandinqin son istifadəçiləri startaplar, QHT-lər və fərdlər hesab edilsə də müzakirə etdiyimiz qanun layihəsi birbaşa iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara ünvanlanır.
Yəni kraundfandiqin ənənəvi fəlsəfəsində nəzərdə tutulan benefisiarların bir qismi, o cümlədən QHT-lər və fərdlər qanun layihəsinin məqsədlərində ayrıca qeyd edilməmişdi. İnkişaf etmiş ölkələrin əksəriyyətində kraudfandiq fəaliyyəti xüsusi qanun ilə deyil, aktlar və ya qaydalar ilə tənzimlənir. Yəni bu fəaliyyətin ciddi institutsionallaşması həyata keçirilmir.
Müzakirə etdiyimiz qanun layihəsində isə xüsusi qaydalar və eləcə də reyster sisteminin yaradılması təklif edilir.
Əslində, kraudfandiqin fəlsəfəsi daha sadə metodlar ilə daha çox vətəndaşdan sərmayə və ya ianənin cəlb edilməsidir. Bu sərmayə cəlbində operatorların fəaliyyəti olduqca vacib istiqamətdir. Hazırda, qlobal olaraq GoFundMe və Kickstarter kimi aktiv platformalar yaradılıb.
Layihəyə əsasən, operatorun nizamnamə kapitalı və məcmu kapitalı Mərkəzi Bankın müəyyən etdiyi minimum miqdardan az olmamalıdır", - deyə bildirib.
Onun sözlərinə görə, nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Mərkəzi Bank tərəfindən müəyyən edilir: "Daha məqsədəuyğun olardı ki, nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın məbləği ilə bağlı qanun layihəsinə konkret meyarlar müəyyənləşsin ki, qaydalar məhz həmin indikatorlar əsasında hazırlansın”.
Deputat bildirib ki, qanun layihəsinə əsasən, operatorun adında “dövlət”, “milli”, “mərkəzi”, “hökumət”, “zəmanətli” və ya “sığortalı” sözlərindən istifadə edilməsinə yol verilmir: “Daha yaxşı olardı ki, burada müəyyən sistemli yanaşma olsun. Məsələn, “milli” sözündən istifadə edilməyəcək, amma “xalq” sözündən istifadə edilə bilərmi? Və ya “dövlət” sözündən istifadə edilməyəcək, amma “respublika” sözündən istifadə oluna bilərmi?
Burada da adlar ilə bağlı xüsusi meyarların müəyyənləşdirilməsinə ehtiyac var ki, operatorlar tərəfindən hər hansı sui-istifadə halları baş verməsin.
Operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxslər üçün əsas tələblərdən biri və əslində, layihəyə əsasən, birincisi ali təhsilli olmasıdır.
Amma hazırda xeyili sayda nəinki qlobal kraudfandinq, hətta iri sərmayə şirkətləri var ki, onların sahiblərinin ali təhsilləri yoxdur. Bazar kapital dəyəri hazırda 2,9 trilyon dollar olan Microsoft şirkətinin yarıdıcısı Bill Qeytsin universitet diplomu yoxdur, amma kiçik məbləğdə sərmayələri cəlb edəcək operatori idarə edəcək şəxslər üçün layihə ilə belə tələb müəyyənləşdiririk.
Bu baxımdan, ənənəvi tələblərdən daha çox innovativ və keyfiyyət meyarlarının tətbiqi vacibdir. Aydındır ki, ənənəvi yanaşmalar ilə sərmayə bazarında müasir mexanizmləri tətbiq etmək heç də asan deyil. Digər tələb operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxslərin azı biri Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələrində 3 illik iş təcrübəsinə malik olmasıdır.
Dünya praktikalarında belə tələblərə çox nadir hallarda rast gəlinir. Məgər, digər iqtisadi fəaliyyət ilə məşğul olanlar bu işə cəlb oluna bilməzlərmi? Artıq virtuallaşan dünyada iqtisadi sektorlar arasında sərhədlər də itməkdədir".
Vüqar Bayramov hesab edir ki, qanun layihəsinə əsasən, reyestrdə qeydiyyat üçün müraciətə təqdim edildiyi tarixdən 90 gün ərzində baxılır:
“Elektonlaşmanın ciddi şəkildə inkişaf etdiyi və informasiyaların inteqrasiya olunduğu ölkəmizdə bir müraciətə 3 ay müddətində baxılması nə ilə əsaslandırılır? Düşünürəm ki, bu müddətin ciddi şəkildə azaldılmasına ehtiyac var. Borc əsaslı kraudfandinq beynəlxalq praktikada artıq sadəcə onlayn formada vəsaitlərin cəlbini nəzərdə tutur. O baxımdan, qanun layihəsində bu metodun onlayn formada nəzərdə tutulmasının qeyd edilməsinə ehtiyac var”.