BAKI, 24 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı hökumətin beşillik proqramında yer alan katolikos II Qareginin vəzifədən kənarlaşdırılması və yeni katolikos seçkilərinin keçirilməsi məsələsinə toxunub.
Teleqraf xəbər verir ki, o, erməni kilsəsində islahatların aparılmalı olduğunu deyib.
“Bu məsələyə Erməni Apostol Kilsəsinin üzvü kimi yanaşıram. Mən burada dini həyatın kanonlara uyğun olmaması ilə bağlı problem görürəm. Həmçinin kilsədə baş vermiş və mənim diqqətimi çəkən bir məqama toxunmaq istəyirəm: kilsə kastalaşdırılıb”, - Baş nazir bildirib.
Paşinyan əlavə edib ki, onun üçün kilsənin siyasi manipulyasiya vasitəsinə çevrilməsi problemdir.
“Kilsənin siyasi həyata qarışmağa nə haqqı var? Üstəgəl, baş nazirin istefasını tələb edir, keşiş libasında küçələrə çıxıb nümayişlər keçirir, çağırışlar edir. Onların siyasətdə nə işi var?”.
Hökumət başçısı qeyd edib ki, kilsənin rəhbərliyinin ən azı bir hissəsi siyasi partiyalara bağlıdır: “Onlar (rusiyalı oliqarx Samvel Karapetyanın) “Güclü Ermənistan” blokunun iştirakçılarıdır”.
Nikol Paşinyan vurğulayıb ki, dini andını pozan II Qareginin qızı var:
“Əgər məşuqəsi olan katolikos sizin üçün normaldırsa, mənim üçün - Erməni Apostol Kilsəsinin davamçısı kimi bu, dəyərlərə hörmətsizlikdir. Sizin katolikosunuz murdardır. Məşuqəsi olan katolikos müqəddəsliyə qarşı təhqirdir”.