BAKI, 9 iyun. TELEQRAF

BAKI, 9 iyun. TELEQRAF

"Azərbaycan Prezidentinin təşəbbüsü ilə ötən ildən başlayaraq dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi ilə islahatlara başlanılıb. Bu islahatlar eyni zamanda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin formalaşdırılmasını əhatə etməklə, həm də səmərəli icra və nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik Hesabatı”na münasibət bildirən komitə sədri Azər Əmiraslanov deyib.

O qeyd edib ki, məlum olduğu kimi büdcə prosesi büdcənin hazırlanması və ya planlaşdırılması, onun müzakirəsi və təsdiqi, icrası, icrasına nəzarət və hesabatlılığı mərhələlərindən ibarətdir:

“Büdcə hesabatlılığı büdcə prosesinin ən mühüm həlqəsidir. Heç şübhəsiz ki, dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatlar parlament müstəvisində büdcə hesabatlılığının təkmilləşdirilməsinə də öz töhfəsini verəcəkdir. Konstitusiyada dövlət büdcəsinin təsdiq edilməsi ilə yanaşı, həm də onun icrasına nəzarət Milli Məclisin əsas mandatı kimi müəyyən edilib. Parlament qarşısında büdcə hesabatlılığı mahiyyətcə elə büdcəyə nəzarətin həyata keçirilməsidir, onun bir formasıdır. Büdcə sistemi haqqında qanun dövlət maliyyəsinin konstitusiyasıdır”.