BAKI, 8 iyun. TELEQRAF
"Hesab edirik ki, gələcək mərhələdə informasiya sistemlərində fərdi məlumatların saxlanması vəziyyətinin aşkar edilməsi üçün müvafiq monitorinq və audit mexanizmləri yaradılmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
“Qlobal platformalarla bağlı çağırışlara gəldikdə isə qeyd etmək lazımdır ki, onların sərhəd tanımayan təsiri milli hüquq sistemlərindən daha genişdir. Bu səbəbdən Dövlət Komitəsi olaraq biz bir sıra, o cümlədən “Roblox” platforması ilə də müzakirələr aparmışıq və əsas mesajımızı açıq şəkildə ifadə etmişik:
“Uşağın təhlükəsizliyi kommersiya maraqlarından üstün olmalıdır".
"Əgər platforma uşağı qoruya bilmirsə, o, bizə görə uşaqlar üçün uyğun mühit deyil və bunu passiv seyrlə qarşılaya bilmərik, - deyə komitə sədri vurğulayıb.
O çıxışına sualla davam edib: “Biz uşaqları rəqəmsal dünyanın risklərinə buraxırıq, yoxsa onları qoruyan sistem qururuq? Bu gün müzakirə olunan sənəd ikinci yolun seçilməsidir. Mən əminəm ki, bu qanun uşaqların təhlükəsizliyini gücləndirəcək, ailələrin məsuliyyətini artıracaq, dövlətin informasiya
təhlükəsizliyini möhkəmləndirəcək və Azərbaycanın rəqəmsal gələcəyini daha dayanıqlı
edəcək”.