BAKI, 8 iyun. TELEQRAF
“Rəqəmsal texnologiyaların geniş tətbiqi uşaqların inkişafı və məlumatların əldə edilməsi baxımından imkanlar yaratmaqla yanaşı, uşaqları müxtəlif təhlükələrə məruz qoyur”.
Teleqraf xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
O bildirib ki, Ombudsman tərəfindən adıçəkilən qanun layihəsinə təkliflər hazırlanaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edilib:
“Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalar göstərir ki, son illər uşaqlar arasında geniş yayılan interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır. Uşaqların istifadəsi üçün nəzərə tutulan rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin formal xarakter daşıması, effektiv nəzarət mexanizmlərinin olmaması, şəxsi məlumatların qorunması sahəsində boşluqlar uşaqların hüquqlarının pozulmasına zəmin yaradır.
Ombudsmanın uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair yayımlanan açıq müraciətində bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində dövlət qurumlarına, media nümayəndələrinə, valideynlərə çağırışlar səsləndirib.
Dövlət qurumları tərəfindən uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi, risklərin hüquqi qiymətləndirilməsinin aparılması və preventiv fəaliyyətin həyata keçirilməsi zəruridir”.
Səbinə Əliyeva deyib ki, bu məsələdə valideynlərin rolu danılmazdır: "Valideynlərin uşaqların rəqəmsal platformalardan istifadə etmələrinə diqqətlə yanaşması, uşaqlarla açıq və etibarlı ünsiyyət qurması və onların virtual mühitdə qarşılaşa biləcəyi təhlükələr barədə maarifləndirilməsi, valideyn nəzarəti mexanizmlərinin tətbiq edilməsi olduqca vacibdir.
Media subyektlərinin və jurnalistlərin də bu mövzuda məsuliyyətli mövqe nümayiş etdirməsi, məsələyə uşaqların mənafelərinin üstünlüyü və hüquqlarının müdafiəsi prizmasından yanaşaraq ictimaiyyətin düzgün məlumatlandırılmasına töhfə verməsi çox önəmlidir”.