BAKI, 8 iyun. TELEQRAF

16 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadə etməsinə məhdudiyyət təklif edilir.

Teleqraf xəbər verir ki bunu Milli Məclisin deputatı Zahid Oruc deyib.

O qeyd edib ki, uşaqların rəqəmsal məkanda hüquqlarının qorunmasını təmin edən tarixi bir qanun layihəsinin həm parlamentarilər, dövlət və hökumət təmsilçiləri, həm də media idarəçiləri və müvafiq təhsil - səhiyyə orqanları ilə birlikdə müzakirəsi təqdirəlayiq hadisədir: "Bütün formasiyalarda dəyişilməyən bir deyim var-uşaqlar hər bir cəmiyyətin gələcəyidir. Ailə kiçik dövlət, dövlət böyük ailədir.

Həqiqətən istər sülh dövründə, istərsə də Vətən müharibəsində Qələbəmizi təmin edən azərbaycanlı ailələrdir.

Milli Məclis son illərdə uşaqların rəqəmsal mühitdə zərərli informasiyalardan qorunmasına dair ardıcıl və sistemli qərarlar qəbul edib. Yeni qanun layihəsi həmin siyasətin davamı, eyni zamanda keyfiyyətcə yeni mərhələsidir.

Dünyada texnoloji inkişaf ən yüksək həddədir və rəqəmsal məkan fiziki reallığı əvəzləyib. Sosial şəbəkə platformaları alternativ yox, gerçək həyatın özüdür, fərqli dəyərlər sistemi aşılayır, bəzən isə həm böyükləri, həm də uşaqları qurbana çevirir. Rəqəmsal platformalara qoşulmanın yaş həddinin qanunla tənzimləməsi dünya ölkələrindəki təcrübə ilə tanışlığı tələb edir.

Avstraliya 2024-ci ilin noyabrında 16 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını qanunla qəbul edən ilk ölkə oldu və "Online Safety Act" - Onlayn Təhlükəsizlik Haqqında Qanun platforma provayderlərinə zərərli məzmuna görə 49,5 milyon avstraliya dollarına qədər cərimə tətbiq etdi.

Fransa Uşaq Kiberqoruma Qanunu, yəni, 2023-cü ildə Rəqəmsal Yetkinlik Yaşı haqqında aktı qəbul etdi. Nəticədə,15 yaşdan aşağı uşaqlar sosial şəbəkə platformalarına qoşulmaq üçün valideyn razılığı almağa məcburdur. Fransız qanunu texnoloji yaş doğrulama sistemlərinin istifadəsini platformalardan tələb edir.

Qanunun tətbiqindən keçən qısa müddət ərzində, 11-14 yaş qrupunda sosial media istifadə müddəti orta hesabla 27 faiz azalıb.

Dünya üzrə uşaq sosial media istifadəsinin statistikasını göstərən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü il hesabatına görə, dünyada 13-17 yaş aralığında olan yeniyetmələrin 95 faizi aktiv sosial media istifadəçisidir. Yeniyetmələrin 35 faizi bir gündə orta hesabla 5 saatdan çox vaxtını telefonda keçirir.

Elmi araşdırmalar göstərir ki, sosial media alqoritmləri beyinin dopamin sistemini kazino mexanizmləri, siqaret və alkoqola bənzər şəkildə aktivləşdirir. Harvard Universitetinin elm nəşrləri 11.876 uşağı əhatə edən tədqiqatda sosial media istifadəsinin artmasının depressiya simptomları ilə əlaqəli olduğunu təsdiqləyir.

İndi isə Azərbaycan uşaqları ilə bağlı bir neçə mühüm göstəricini sizinlə bölüşmək istərdik. Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə apardığı sorğuya görə, ölkəmizdə 10-17 yaş aralığındakı uşaqların 89 faizi smartfon istifadəçisidir. Onların 76 faizi gündəlik olaraq sosial media platformalarına daxil olur. Göründüyü kimi, yetərincə yüksək rəqəmdir. Gündəlik orta sosial media istifadə müddəti göstərilən yaş qrupunda 4 saat 12 dəqiqədir – yəni, bir uşağın oyaq qaldığı vaxtın 30 faizinə bərabərdir".

Deputat qeyd edib ki, layihənin başlıca məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının zərərli təsirlərindən fiziki və psixoloji sağlamlığını mühafizə etmək, müxtəlif cür sövq və təhrik edici, hətta intihara, cinsi istismara çağırışlar, alçaldıcı (bulinq) təhdidlərdən qorumaq üçün uşaqların yetkinlik dövrünədək sosial şəbəkə platformalarından istifadəsinin təxirə salınmasıdır: "Yəni, Azərbaycanda sosial media platformalarına qoşulma yaşı 16-dan başlanması təklif olunur. Göründüyü kimi, əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır. Ona görə də layihənin məqsədini düzgün təqdim etmək çox əhəmiyyətlidir.

Dövlətimizin uşaqların hüquqlarını qorumaqla digər sahələrdə də yaş senzi tətbiq edir-siqaret, alkoqol, soyuq silah (bıçaq) satışına, qeyri-əxlaqi məzmunlara çıxışına qoyulan məhdudiyyət uşaqların sağlamlığı və rifahı üçündür. Həqiqətən övladlarımızın gələcəyi sosial şəbəkələrdən asılı olmamalıdır. Dövlət real həyatda uşaqları qoruduğu kimi, virtual məkanın təhlükələrindən də uşaqlarımızı qoruyur.

Ona görə də layihədə 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açması təxirə salınır. Yeni norma, Azərbaycanın rəqəmsal siyasətinin ən fundamental addımlarından biridir. Platforma provayderləri yoxlama mexanizmlərini – bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını – məcburi surətdə tətbiq etməli olacaqlar.

16-18 yaş qrupu üçün isə tamamilə fərqli – daha çevik, lakin nəzarətli bir mexanizm müəyyən edilib. Bu yaş qrupundakı yeniyetmələr platformada hesab yarada bilər, lakin yalnız qanuni nümayəndələrinin – valideynin – açıq razılığı ilə.

Qanun layihəsində 16-18 yaş arası uşaqların fərdi hesablarında sonsuz sürüşdürmə, avtomatik video oynatma kimi manipulyativ dizayn texnikalarından istifadəyə yol verilmir. Yəni, texnoloji şirkətlərə çox güclü bir tələb qoyulur: Azərbaycanda biznes etmək istəyirsinizsə, uşaqlarımızın psixologiyasını istismar etməyə ixtiyarınız yoxdur.

Layihə, yaş yoxlama məqsədi ilə toplanan fərdi məlumatların – bank kartı, e-poçt, mobil nömrə məlumatlarının – kənar şəxslərə ötürülməsini, kommersiya məqsədi ilə istifadəsini qəti qadağan edir.

Provayderlərin hər il yanvarın 15-dək dövlət qurumlarına hesabat təqdim etməsi tələbi məsuliyyətin institutsional formada qoyulması deməkdir. Şirkətlər artıq Azərbaycandakı fəaliyyətlərini gizlədə bilməyəcəklər".

Zahid Oruc vurğulayıb ki, qanunun müddəalarına riayət etməyən vəzifəli və hüquqi şəxslər cərimə ediləcəklər: "Göründüyü kimi, nəticədə dövlətimiz hüquqi nəzarəti rəqəmsal sahədə genişləndirməsi Azərbaycanın beynəlxalq uşaq hüquqları öhdəlikləri ilə tam uyğunluq təşkil edir.

İkincisi, platforma məsuliyyəti – ölkəmizdə hüquqi boşluq mövcud idi – ilk dəfə, qanunda öz yerini alır, hüquqi müzakirə üçün möhkəm zəmin yaradır. Üçüncüsü, valideynlərə uşaqlarının rəqəmsal həyatı üzərindəki nəzarət hüququ qanuni formada verilir. Norma, ailə institutu baxımından son dərəcə qiymətlidir.

Uşaqların sosial mediadan istifadəsinə münasibət ölkəmizdə necədir? 2025-ci ilin dekabrında 1100 respondent arasında keçirilən mötəbər ictimai rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycanda insanların 87.3%-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifini dəstəkləyir. 11.1% təkliflə razılaşmır, 1.6% bu barədə fikir bildirmir. Başqa sözlə, uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifləri əhalidən gəlir, sosial sifarişdir. Məktəbyaşlı övladı olanların 90.5%-i təklifə müsbət yanaşır. Nisbətən tənqidi yanaşma gənclərin və ali təhsillilərin rəylərində önə çıxır.

Valideynlərin əhəmiyyətli hissəsinin sosial medianı uşaqlar üçün zərərli hesab etməsinə baxmayaraq, məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube" (69.1%), "WhatsApp" (47.9%) və "TikTok" (33.0%) qərarlaşır.

Çıxışımızda təhlükələrdən danışdıq. Lakin yaxşı bilirik ki, texnoloğiya ilə düşmənçilik mümkün deyil. Əksinə, məqsəd istifadəni tənzimləməkdir.

Ölkəmizin gələcəyi rəqəmsal inkişafla birbaşa bağlıdır. Prezident İlham Əliyev tərəfindən Rəqəmsal İnkişaf Şurasının yaradılması və strateji proqramların qəbulu deyilənlərə sübutdur. Dövlət xidmətləri elektronlaşdırılır, rəqəmsal iqtisadiyyatın və süni intellekt tenologiyları ölkəmizdə inkişaf edir.

Həqiqətən rəqəmsal texnologiyalar uşaqlar üçün misilsiz imkanlar açır: dünya kitabxanalarına giriş əldə olunur, onlayn təhsil platformaları, yaradıcılıq alətləri, beynəlxalq ünsiyyət imkanları artır, düzgün tətbiq olunduğunda sosial inkişafı, tənqidi düşüncəni, kreativliyi gücləndirir. Biz 16 yaşından kiçik uşaqları rəqəmsallıqdan məhrum etmək deyil, onları sosial media alqoritmlərinin manipulyativ gücündən qorumaq istəyirik.

Sosial şəbəkə platformaları – İnstagram, TikTok, Facebook, Snapchat və onlarca digəri – uşaqların istismarı ilə gündəlik milyardlarla dollar qazanır.

Qanun layihəsi həmin boşluğu doldurmağa başlayır, Azərbaycan dövlətinin öz vətəndaşlarına, öz uşaqlarına qarşı məsuliyyətini yerinə yetirməsinin əyani sübutudur".