BAKI, 20 may. TELEQRAF

Milli Məclisdə Latviya Yerli Hakimiyyətlər Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) əhəmiyyəti, şəhərsalma və regional inkişaf sahəsində beynəlxalq əməkdaşlıq, yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi məsələləri barədə fikir mübadiləsi aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Qonaqları Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov salamlayaraq, onların WUF13-də iştirakını yüksək qiymətləndirib. Bildirilib ki, forum vasitəsilə Bakı qlobal urbanizasiya gündəliyinə mühüm töhfə verir. Həmçinin qeyd olunub ki, Azərbaycan ilə Latviya arasında mövcud dostluq münasibətləri parlament ölçüsündə də uğurla inkişaf edir.

Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Latviya Yerli Hakimiyyətlər Assosiasiyasının sədri Gints Kaminskis, Riqa şəhərinin vitse-meri Maris Sprudzs, Yekapbils şəhərinin meri Raivis Raqainis çıxış edərək, urban inkişaf sahəsində beynəlxalq tərəfdaşlıq, Azərbaycan ilə Latviya arasında yerli özünüidarəetmə sahəsində əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər.

Görüşdə bələdiyyələrin birləşməsi yolu ilə konsolidasiyası, yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin gəlirlərinin optimallaşdırılması, regionların balanslı inkişafının təmin edilməsi, əhali məskunlaşması və demoqrafik proseslərin yerli özünüidarəetməyə təsiri, mərkəzlərlə periferiyalar arasında bələdiyyə xidmətlərinin əlçatanlığı məsələləri ətrafında müzakirələr aparılıb.

Tədbirdə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Latviya Seyminin Regional idarəetmə və dövlət idarəçiliyi komitəsinin sədri, Seymin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Oleq Burovs, Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya və digər şəxslər iştirak ediblər.