BAKI, 19 may. TELEQRAF

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı təqdim olunur. Bugünkü iclasda biz 2025-ci il üzrə İllik Məlumatı müzakirə edəcəyik. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan gender bərabərliyini təmin edən beynəlxalq konvensiyalara qoşulub. Həm Konstitusiyamızda, həm də qanunlarımızda kişilər və qadınlar üçün bərabər hüquq və imkanlar təsbit edilib".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatı ilə bağlı parlamentin müvafiq komitəsinin bugünkü iclasında deyib.

O qeyd edib ki, ölkədə gender bərabərliyinin təmin edilməsi sahəsində müsbət dinamika var: “İdarəetmə və qərar qəbuletmədə qadınların iştirakçılığının artması müşahidə olunur. Həm inzibati vəzifələrə təyin olunan, hüquq-mühafizə, prokurorluq orqanlarında xidmət edən, xüsusi ilə də hakim qadınların sayı artır. Bu gün elə bir sahə yoxdur ki, orada qadın iştirak etməsin.

Azərbaycanda mühüm islahatlar aparılır. Hüquqi bazanın təkmilləşməsi, həm də siyasətin həyata keçirilməsi sahəsində davamlı işlər görülür. Əmək hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə bir sıra əlavə və dəyişikliklər edilib. Məqsəd iş-ailə balansını qorumaq, işçi məmnuniyyətini artırmaq və əmək bazarında inklüziv mühit yaratmaqdır. Əmək münasibətlərində digər xüsusiyyətlərlə yanaşı, o cümlədən ailə vəzifələrinə görə birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi qəti qadağan edilib. Bu dəyişiklik, ailə məsuliyyətini şəxsi problem yox, sosial reallıq kimi qəbul edərək işçinin əmək hüquqlarını müdafiə edir.

Digər mühüm dəyişiklik son illərdə ictimai müzakirələrdə diqqət mərkəzində olan və “atalıq məzuniyyəti” kimi tanınan məsələ ilə bağlı olub. Artıq övladı dünyaya gələn kişilər 14 günlük ödənişli məzuniyyət hüququna malikdirlər. Onlarla atalar bu hüquqdan istifadə edib. Həmçinin, Əmək Məcəlləsinin 125-ci maddəsinə əlavə edilmiş 3-cü hissəyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin verilməsində də mühüm dəyişiklik olunub. 2025-ci ildə Nazirlər Kabinetinin bir sıra qərarlarında da ailə vəzifələri olan işçilərin əmək hüquqlarına xüsusi yanaşma yer alıb. Elə bu günlərdə kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi ilə bağlı həm Əmək Məcəlləsində, həm də Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda vacib dəyişiklik olunub. Qeyd edim ki, respublikada kişi və qadınların orta əməkhaqqı fərqliliyinin aradan qaldırılması məqsədilə mühüm islahatlar həyata keçirilir. Müsbət nəticələr də var. 2020‐ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63, 3 faizini 2025-ci ildə bu nisbət 69, 2 faiz təşkil edib”.

Komitə sədri bildirib ki, Azərbaycanda gender bərabərliyinin təmini sahəsində həyata keçirilən tədbirlərin davamı kimi yeni “Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib:

“Milli Fəaliyyət Planında qadınların ictimai fəallığının artırılması, təhsil, məşğulluq, iqlim dəyişiklikləri ilə mübarizə və media sahələrində gender aspektlərinin nəzərə alınması, bu məqsədlə normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi və gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edim ki, Milli Məclisin Aparatının müvafiq şöbəsi və Ailə, qadın və uşaq məsələləri Komitəsi bir sıra qanunvericilik təşəbbüsü irəli sürüb. İnanıram ki, müsbət nəticələr olacaq. Məlumatda bir çox yeni istiqamətlər öz əksini tapıb. Onlardan biri də, məhkəmə qərarları çıxarılarkən müvafiq qanunlara istinad edilməsidir. 2025-ci l ərzində çıxarılmış məhkəmə qərarlarında “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna istinad edilmiş işlərin sayı 19 olub. Bu yaxşı bir nəticədir”.