BAKI, 19 may. TELEQRAF
"Yerli icra hakimiyyətləri ilə işləyirik, amma çox çətindir. Hər il məişət zorakılığı ilə bağlı sorğular, hesabatlar alırıq. Bizə rayonlardan verilən statistikaya baxıram. Rayonda aliment ödəməyən kişilərin sayı 0-dır. Demək ki, heç maraqlanmayıb".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən komitə iclasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
"İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb. Elə bir rayon varmı ki, orada aliment ödəməyən valideyn olmasın. Belə bir şey yoxdur", - deyə komitə sədrinin müavini bildirib.
Sədaqət Qəhrəmanova deyib ki, aliment ödəməyən atalar var: "Əgər valideyn alimenti ödəmirsə, bu, uşağa qarşı iqtisadi zorakılıqdır. Əlbəttə, aliment məsələsi bizi narahat edən məsələdir. Aliment Fondunun yaradılması ilə bağlı fikirlər səsləndirilir, onun təhlili davam edir”.