BAKI, 19 may. TELEQRAF

2025-ci ildə məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı 433 mühafizə orderi icraatda olub. Onlardan 402-si qadınlar, 31-i isə kişilər barədə verilib.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.

Bildirilib ki, 2025-ci ildə məişət zorakılığından zərər çəkmiş şəxslərə verilən mühafizə orderlərindən 381-i qısamüddətli, 52-si isə uzunmüddətli olub. 2024-cü ildə isə 325 qısamüddətli, 34 uzunmüddətli order verilib.

Qeyd olunub ki, ümumilikdə 433 mühafizə orderi icraatda olub. Onlardan 402-si qadınlar, 31-i isə kişilər barədə verilib. Müqayisə üçün bildirilib ki, 2024-cü ildə bu göstərici 359 olub və orderlərin 338-i qadınlar, 21-i kişilər barədə verilib.

Hesabatda vurğulanıb ki, 217 mühafizə orderinin icrası təmin olunaraq icraatlarına xitam verilib. 2024-cü ildə bu rəqəm 190 olub.

Məlumata əsasən, 20 mühafizə orderinin icraatına digər əsaslarla xitam verilib. 2024-cü ildə isə 12 orderin icraatına xitam verilib.

Sənəddə qeyd edilib ki, 35 mühafizə orderi “İcra haqqında” Qanunun 7-ci və 9-cu maddələri ilə geri qaytarılıb. 2024-cü ildə bu rəqəm 28 olub.

Həmçinin 4 mühafizə orderi “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsi ilə geri qaytarılıb. 2024-cü ildə belə hal qeydə alınmayıb.

Bundan başqa, 4 mühafizə orderi ərazi aidiyyəti üzrə göndərilib. 2024-cü ildə isə bu göstərici 18 olub.

Qeyd olunub ki, 153 mühafizə orderi növbəti hesabat dövrünə qalıq keçib. 2024-cü ildə bu rəqəm 111 təşkil edib.