2025-ci ildə Azərbaycanda aliment ödəməkdən yayınan 4299 borclu barədə inzibati xəta haqqında protokol tərtib edilib. Onlardan 2344 nəfər inzibati qaydada həbs olunub.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.

Bildirilib ki, 2025-ci ildə aliment ödəməkdən yayınan 4299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib. 2024-cü ildə bu rəqəm 4131 olub.

Qeyd olunub ki, onlardan 3083 nəfər barəsində məhkəmələr tərəfindən müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub. 2024-cü ildə isə bu göstərici 2987 təşkil edib.

Hesabatda vurğulanıb ki, 2344 nəfər inzibati qaydada həbs olunub. 2024-cü ildə isə 2318 nəfər barədə inzibati həbs qərarı verilib.

Sənədə əsasən, 2025-ci ildə cinayət məsuliyyətinə cəlb etmə haqqında 286 təqdimat verilib. 2024-cü ildə bu göstərici 174 olub.

Məlumata görə, təqdimatlardan 235-i üzrə təhqiqatçılar tərəfindən cinayət işi başlanıb. 3 təqdimat üzrə cinayət işinin başlanması rədd edilib, 48 təqdimat isə növbəti hesabat dövrünə qalıq keçib.