BAKI, 13 may. TELEQRAF
"Rixard Raşinin Azərbaycana səfəri tərəflər arasındakı yüksək səviyyəli siyasi dialoqun göstəricisi olmaqla yanaşı, parlamentlərarası əlaqələrin yeni müstəvidə inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova bu gün slovakiyalı həmkarı Rixard Raşi ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu səfər Azərbaycan ilə Slovakiya arasındakı parlamentlərarası əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir:
"Qeyd edim ki, hələ 2021-ci ilin oktyabrında mən Slovakiyaya rəsmi səfər etmişdim. Bu səfər Milli Məclis Sədrinin Slovakiyaya ilk səfəri idi. Bundan sonra Slovakiya parlamentinin sədri Azərbaycana 1 rəsmi və 2 işgüzar səfər etmişdir. Məmnunluqla qeyd etmək istəyirəm ki, cənab Rixard Raşi 2022-ci ilin iyununda sabiq sədr Boris Kolların rəsmi səfəri çərçivəsində parlament üzvü olaraq Azərbaycana səfər etmişdir. Bu gün isə biz artıq çox hörmətli cənab Raşini Slovakiya Milli Şurasının Sədri kimi Azərbaycanda görməyə çox şadıq".
"Bütün bu səfərlər əslində bizim parlamentlərarası əlaqələrimizin inkişafı ilə bağlı nümayiş etdirdiyimiz ardıcıl yanaşmanın nəticəsidir. Və bu gün cənab Raşi ilə apardığımız müzakirələr də bir daha təsdiq etdi ki, bu əlaqələrin daha da genişləndirilməsi ilə bağlı ortaq mövqeyə malikik”, - Milli Məclisin sədri qeyd edib.