BAKI, 21 yanvar. TELEQRAF

"Daha yaxşı olardı ki, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də sektorlar üzrə minimum əməkhaqqı müəyyənləşsin. Bəzi sektorlarda əməkhaqqı kifayət qədər yüksəkdir. Burada təbii ki, minimum əməkhaqqının ölkə üzrə eyni səviyyədə müəyyənləşdirilməsi həmin sektorda əməkhaqqı ödənişlərinə təsir göstərir. Minimum əməkhaqqı ilə bağlı əsas meyarları müəyyənləşdirmişik".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, bütün hallarda istehsal sahələri və sektorlar üzrə minimum əməkhaqqı məbləğinin fərqli müəyyənləşdirilməsinə baxmaq və ya bu məsələni müzakirə etmək olar:

"Əgər məqsədəuyğun hesab olunarsa, növbəti mərhələdə təkcə ölkə üzrə vahid, yəni fiks minimum əməkhaqqı məbləğinin deyil, istehsal sahələri və sektorlar üzrə minimum əməkhaqqı məbləğlərinin müəyyənləşdirilməsi həyata keçirilə bilər".

Komitə sədri Musa Quliyev isə deyib ki, vahid tarif cədvəli ilə əlaqədar hökumətdə iş aparılır.

M.Quliyev bildirib ki, vahid tarif cədvəlinin yeni versiyası təsdiq olunandan sonra sözügedən məsələyə baxıla bilər.