
BAKI, 15 aprel. TELEQRAF
Ötən il Hesabalama Palatası kənar dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində 574,9 milyon manatlıq pozuntu aşkar edib.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.
Qeyd olunub ki, 113,3 milyon manatı uyğunluq elementləri üzrə dövlət büdcəsinə dəymiş zərər, 461,6 milyon manatı isə digər maliyyə pozuntuları olub.
Hesabat dövründə zərərin 83,4 milyon manatı pul və yaxud natura şəklində bərpası təmin olunub, 21,2 milyon manatı sosial xarakterli ödənişlərdən ibarət olduğu üçün onun bərpası istiqamətində birbaşa tədbir müəyyən edilməyib, bu ödənişlərin müvafiq qaydada dayandırılması ilə bağlı qərar verilib. Bundan başqa 8,7 milyon manat zərər üzrə cinayət tərkibi əlamətlərinin ehtimal olunması ilə əlaqədar olaraq müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.