BAKI, 13 iyun. TELEQRAF

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov ilə görüşüb.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir qonağı salamlayıb və onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarının dostluq münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığa böyük töhfə verdiyini vurğulayan Z.Həsənov, hərbi əlaqələrimizin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

V.Mahmudov öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qonaq Azərbaycan və Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulayıb.

Görüşdə regional təhlükəsizliyə dair geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərdən danışılıb.