BAKI, 18 mart. TELEQRAF

Ötən il iyulunda Bakının Səbail rayonu Bibiheybət qəsəbəsində baş verən və gənc qızın ölümü ilə nəticənən motosiklet qəzasına dair məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, məhkəmə hökmünə əsasən, ehtiyatsızlıqdan sevgilisi İnci Əsgərovanın ölümünə səbəb olan 1999-cu il təvəllüdlü Həbib Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, idarə etdiyi motosikleti hadisədən üç gün əvvəl alıb. O da məlum olub ki, Həbib motosikleti sürücülük vəsiqəsi olmadan idarə edib.

Təqsirləndirilən şəxs hadisə zamanı motosikleti 100 km sürətdən artıq sürətlə idarə etdiyi qeyd edib. Onun sözlərinə görə, İncini təxminən hadisədən 4-5 ay əvvəl tanıyıb və onunla evlənmək fikrində olub.

İnci Əsgərovanın hüquqi varisi məhkəmədə Həbibdən şikayətçi olmadığını, onunla barışdığını bildirib.

Qeyd edək ki, Həbib Məmmədov ona təyin edilən cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.