BAKI, 27 oktyabr. TELEQRAF
“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər ifadə verib.
Tağı İbrahimov ifadəsində bildirib ki, partlayışla heç bir əlaqəsi olmasa da, vergini ödəməyə razıdır: “Bizi yanğında və partlayışda ittiham edirlər. Zavodda yanğın olmayıb, birbaşa partlayış baş verib. Obyektin icarə verəniyəm, cavabdeh şəxslər isə icarəyə götürənlərdir. Vergi ilə bağlı 693 min manat ödəməyə razı olmasam da, yenə də həmin məbləği ödədim. Ədliyyə Nazirliyinin ekspertizası da məbləğin doğru olmadığını təsdiqlədi. Zərərçəkənlərin, həlak olanların xərclərini də mən qarşılamışam.
Ümumilikdə 1 milyon 500 min manat ödəniş tələb edən və övladları üzərindən alver edənlər var. Bu ödənişi mən etməməliydim, amma etdim. Ümid edirəm ki, ədalətli hökm çıxarılacaq”.
Tağı İbrahimov əlavə edib ki, obyektdə yanğın təhlükəsizliyi ilə bağlı heç bir irad bildirilməyib: “Bir daha qeyd edirəm, yanğın baş versəydi, az adam qaça bilərdi, bu, birbaşa partlayışdır. Müqaviləyə əsasən, yanğına sex rəisləri cavabdehdir. Hadisə baş verəndə mən Bakıda deyildim. Daha əvvəl də vergi yoxlamaları aparılıb, heç bir irad bildirilməyib”.
Digər təqsirləndirilən Toğrul Rzayev isə ifadəsində deyib ki, vəzifəsi icarə pullarını toplamaq olub: “Zavod ərazisində restoran açılması planlaşdırılırdı, bu məqsədlə Türkiyədən Azərbaycana gəlmişdim. Daha sonra restoran layihəsi ləğv edildi. Mənim vəzifəm icarə pullarını yığmaq və sexləri siyahıya almaq olub. Bu işlə 3 il məşğul olmuşam. Həftədə 4 dəfə daimi iş kimi sexə gəlirdim və bunun qarşılığında 1000 manat maaş alırdım. Partlayış baş verən gün Naxçıvanda idim. Prokurorluğa da öz istəyimlə müraciət etmişəm”.
Daha sonra Tağı İbrahimovun vəkili vəsatətlə çıxış edərək yanğın təhlükəsizliyi və partlayışla bağlı ekspertizanın, eləcə də vergi hesablamaları üzrə ekspert rəyinin yenidən aparılmasını xahiş edib. Məhkəmə vəsatətləri təmin etməyib.
Eyni zamanda, Tağı İbrahimovun böyrəklərində çatışmazlıq olması ilə bağlı tibbi arayış məhkəməyə təqdim edilib.
Zərərçəkmiş Zərər Quliyev mülki iddianın ödəndiyini bildirib.
Növbəti məhkəmə prosesi oktyabrın 29-na təyin edilib.
Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verməsi faktı əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib.
Onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.