BAKI, 27 oktyabr. TELEQRAF

İstanbul Mərmərə Universtitetinin müəllimi, türkoloq Arif Acaloğlunun ölümünə səbəb olmaqda ittiham edilən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin sabiq müdiri Azər Maqsudovun məhkəməsi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Azər Maqsudovun 3 il nəqliyyat vasitəsini idarəetmə hüqundan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə hökm elan edib. Təqsirləndirilən şəxs 1 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum olunmaqla, 4 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssiəsində çəkəcək.

Məhkəmə qaldırılan mülki iddianı baxılmamış saxlayıb.

Qeyd edək ki, hadisə ötən il noyabrın 15-də saat 23:30-da Olimpiya Stadionunun yaxınlığında baş verib.

Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstanın Bolnisi rayonunda doğulmuş, Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub.

Yaralı aldığı xəsarətlərdən yerləşdiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Azər Maqsudovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.