BAKI, 11 aprel. TELEQRAF

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf-ın xəbərinə görə, bu gün Naxçıvan Hərbi Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror bildirib ki, Samir Həziyev və Aydın Quliyevə elan edilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.

O, S.Həziyev 5 il, A.Quliyev isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Həmçinin zamində olan A.Quliyevin məhkəmə zalında həbs olunması təklif olunub.

Vəkillər müdafiə çıxışına hazırlanmaları üçün vaxt istəyiblər.

Bu səbəbdən növbəti proses aprelin 17-ə təyin olunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunub.

Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Quliyev Aydın Yaşar oğlu da ittiham olunur.

Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Ceyhun Hüseynov ADA Universitetinin məzunu olub.