BAKI, 12 mart. TELEQRAF

Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet, "Oleq Bakinski" ləqəbi ilə tanınan Krapivin Oleq Andreyeviç və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə şahidlər ifadə verib.

Şahid Elşən Soltanovun sözlərinə görə, Konstantin Kuçerin şirkətində direktor vəzifəsində çalışıb: "O, "Aviazapçast" ASC ilə müqavilə bağlananda şirkətdə işləyirdi. Şirkətlə bağlanan müqaviləyə də özü imza atdı. İşlədiyim yer mülki hava gəmilərinin ehtiyat hissələrinin satışı ilə məşğul idi. Bir neçə xarici şirkətlə müqavilə imzalanmışdı. Lakin həmin şirkətlərin adları yadımda deyil. Müqavilələrlə bağlı danışıqları Kuçer və digərləri aparırdı".

Konstatin Kuçerin vəkili cinayət işi üzrə zərərçəkənlərin ölkəyə giriş-çıxış vaxtlarının məhkəməyə təqdim olunması üçün Dövlət Sərhəd Xidmətinə müraciət edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Hakim Elnur Nuriyev prosesdə sənədlərin təqdim edilməsi mərhələsini keçildiyini bildirib. "Oleq Bakinski"nin vəkili müvvəkilinin ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə yenidən vəsatət təqdim edib.

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.

İttihama görə, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Valeriiy Zaxarenko vəsaitini götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.

O.Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər.

Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar.

Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb.

Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti və “Promyshlennye Postavki Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

O.Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.

O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır. O, Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.

Sonuncu eyni zamanda məcəllənin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılır.