BAKI, 20 fevral. TELEQRAF

Bakıda terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Mehdi Cəbrayılovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 3-nə təyin olunub.

Qeyd edək ki, Mehdi Cəbrayılov Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə, insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.

Bu maddə ilə ittiham olunan şəxsin əməli məhkəmə tərəfindən sübuta yetirilsə, onu beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza gözləyir.