
BAKI, 20 fevral. TELEQRAF
Bakının Qaradağ rayonunda qonşularının qətlində ittiham olunan 1995-ci il təvəllüdlü Elşən Müzəffərov, onun arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, onların barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Fəxri Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 4-nə təyin olunub.
Qeyd edək ki, qətl hadisəsi Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətdə basdırılıb.
Qətli törədən cütlük hadisədən sonra saxlanılıb.
Araşdırma zamanı cinayətin daha bir iştirakçısı – Qasım Xankişiyev də müəyyən olunub.
Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.