BAKI, 23 may. TELEQRAF

Mədəniyyət Nazirliyinin dəstəyi və xaricdəki Azərbaycan Mədəniyyət Mərkəzlərinin layihəsi ilə milli mədəniyyətimizin təbliği, xarici ölkələrdəki aparıcı muzeyləri ilə əlaqələrin genişləndirilməsi, Azərbaycan mədəni irsinə dair təqdimatların, sərgilərin, təcrübə mübadiləsinin təşkili, habelə “Tanınmış azərbaycanlıların izi ilə” adlı layihəsinin reallaşdırılması həyata keçirilir.

Teleqraf xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə muzeyləri ilə əməkdaşlığın genişləndirilməsi, milli mədəniyyətimizin, ortaq dəyərlərimizin təbliği məqsədi ilə ortaq layihələr reallaşdırır.

Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi Ankara Rəsm, Heykəl və Etnoqrafya Müzeyi ilə əməkdaşlığı genişləndirir, sözügedən muzeylə Azərbaycan muzeyləri arasında əməkdaşlıq çərçivəsində ortaq layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu istiqamətdə milli geyimlər, xalçalar, rəsm əsərlərimizin Ankara Rəsm, Heykəl və Etnoqrafya Müzeyində sərgilərinin təşkili, Azərbaycan tərəfindən Ankara Rəsm, Heykəllər və Etnoqrafiya Muzeyinə daimi eksponatın nümayiş etdirmək üçün qalıcı olaraq hədiyyə olunması, əldə olunmuş uğurlu təcrübələrin mübadiləsi və sair barədə birgə iş aparılması razılaşdırılıb.

Razılıq Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun Ankara Rəsm, Heykəl və Etnoqrafya Müzeyində, muzey müdiri Erdem Akkurt ilə keçirilən görüş zamanı əldə olunub. Tərəflər il ərzində Ankara Rəsm, Heykəl və Etnoqrafya Müzeyində Türkiyədə yaşayan, yaradıcılıqla məşğul olan Azərbaycanlı tanınmış rəssamların birgə sərgisinin təşkilini də razılaşdırıblar.