BAKI, 26 yanvar. TELEQRAF
Cənubi Çin dənizində təxminən 300 metr dərinliyində nəhəng sualtı çökəklik var. Bura “Əjdaha dəliyi” adlanır. Çökəklikdə oksigen yoxdur, Günəş işığı dərinliyə çatmır. Amma alimlər müəyyən ediblər ki, belə bir qeyri-mümkün şəraitdə də həyat mövcuddur, amma bizim bildiyimiz formada yox.
Teleqraf xəbər verir ki, bu barədə “Dailygalaxy” məlumat yayıb.
Çökəkliyin dərinliyi 301, eni 162,3 metrdir. Bu, indiyədək qeydə alınmış ən böyük okean çökəkliklərindən biridir. Elm adamları hesab edirlər ki, bu çökəklik dəniz səviyyəsinin xeyli aşağı olduğu dövrdə formalaşıb. Yağış suları tədricən altındakı əhəngdaşını əridərək dik, pilləvari divarlar yaradıb. Daha sonra dəniz səviyyəsi qalxdıqda, çökəklik su ilə dolub, indiki formasını alıb.
“Əjdaha dəliyi”ni qeyri-adi edən onun sakitliyidir. Dəlik dar, divarları isə çox dik olduğundan burada okean suları ilə qarışma baş vermir. Səthdən gələn su dibə çatmır, yeni oksigen daxil olmur. Çinli tədqiqatçılar müəyyən ediblər ki, oksigen səviyyəsi səthdən bir qədər aşağıda kəskin azalır, dərinliyin ortasına çatmadan tamamilə yox olur. Bu isə suda bir neçə fərqli zona yaradır, hər biri də özünəməxsus kimyəvi tərkib, həyat formalarına malikdir.
100 metrdən aşağıda hər şey dəyişir, nə balıq, nə yosun, nə də bitkilər bu həddi keçə bilir. Amma bura boşluqdan enerji əldə etmək üçün kimyəvi reaksiyalardan istifadə edən bakteriyalar doldurur. “Anoksik zona I” adlanan ilk dərin qatda kükürdü oksidləşdirən bakteriyalar üstünlük təşkil edir. Siomikrorabdus və sulfurimonas adlı iki növ burada bütün mikrob həyatının təxminən 90 faizini təşkil edir.
140 metrdən daha dərinlikdə isə “Anoksik zona II” yerləşir. Burada nitratlar yox olur, hidrogen-sulfid isə toplanmağa başlayır. Buradakı bakteriyalar metabolizmin yeni növünə - sulfatların reduksiyasına keçir.
Tədqiqatçılar laboratoriya şəraitində “Əjdaha dəliyi”ndən götürülmüş nümunələrdən 294 bakteriya ştammı yetişdirə biliblər. Onların aşkar etdiyi anaerob bakteriyaların 22 faizindən çoxu əvvəllər elmə məlum olmayıb.
Alimlər həmçinin bu dəlikdə yaşayan virusları da araşdırıblar. Onlar əsasən kaudovirisetes və meqavirisetes kimi faq ailələrinə aid olan 1730 fərqli virus növü aşkar ediblər. Amma oksigensiz daha dərin qatlarda virus mənzərəsi dəyişir. Orada tapılan virusların çoxunu heç bir məlum qrupa aid etmək mümkün olmayıb. Bu naməlum viruslar ekstremal şəraitdə mikrob həyatının fəaliyyətində mühüm rol oynaya bilər.