BAKI, 6 iyun. TELEQRAF
Türkiyəli iqtisadçı ekspert Məhəmməd Bayram dünyanın artıq dollar mərkəzli sistemdən uzaqlaşma prosesinə qədəm qoyduğunu qeyd edib.
Teleqraf-ın xəbərinə görə, iqtisadçı deyib: "ABŞ dolları hazırda qlobal ticarət və maliyyə sistemindəki hegemonluğunu qoruyub saxlasa da, son illər dünya ölkələrin qızıl rezervlərini artırması, yerli valyutalara yönəlmə və alternativ maliyyə sistemləri axtarışları yeni bir dövrün yaxınlıqda olduğunu göstərir".
"ABŞ-nin borcu hazırda illik ümumi daxili məhsulunu (ÜDM) aşıb. Bu səbəbdən ABŞ dollarının dövrü bir gün mütləq bitəcək. Ölkələr də bunu bildiyi və hiss etdiyi üçün dolların əvəzinə alternativ ola biləcək digər dövlətlərin valyutalarına və ya qiymətli metallara yönəlirlər. Bu transformasiya qısa müddətdə baş verməsə də, dollar hökmranlığı tədricən başqa bir valyuta və ya qızılla əvəzlənəcək".
Məhəmməd Bayram pandemiyadan sonrakı dövrdə ölkələrin iqtisadi siyasətində və ticarət üstünlüklərində ciddi dəyişikliklər aparıldığını və dünyanın böyük bir iqtisadi islahatlar prosesindən keçdiyini vurğulayıb.