BAKI, 29 aprel. TELEQRAF

Bu il aprelin 1-nə Azərbaycanda problemli kreditlərin həcmi ilin əvvəlinə nisbətən 7,2%, son 1 ildə isə 2,3% artıb.

Teleqraf xəbər verir ki, üç ay ərzində bankların kredit portfeli 27 milyard 877.1 milyon manata çatıb. “Azərbaycan Beynəlxalq Bank” 6 milyard 468.9 milyon manatlıq göstərici ilə banklar arasında kredit portfelinin böyüklüyünə görə ilk sırada yer alıb.

“Kapital Bank”ın kredit portfelinin həcmi 5 milyard 338.9 milyon manat, "Paşa Bank”ın 3 milyard 285,7 milyon, “Xalq Bank”ın 1 milyard 838.6 milyon, “Bank Respublika”nın 1 milyard 499.9 milyon manat, “Access Bank”ın 1 milyard 186.2 milyon, “Yelo Bank”ın 960.3 milyon, “Azər Türk Bank”ın 806.4 milyon, “Bank of Baku”nun isə 777 milyon manat olub.

Bankların kredit portfelinin 53.6%-ni (14,935 milyon manat) biznes kreditləri təşkil edib. Bu ilin yanvar-mart ayları üzrə “Azərbaycan Beynəlxalq Bank”ı biznes sektoruna ən çox kredit verən bank olub. Bank rüb ərzində biznes sektoruna 3 milyard 147 milyon kredit verib. Digər banklar – “Paşa Bank” 2 milyard 979,1 milyon, “Kapital Bank” 1 milyard 724.5 milyon, “Xalq Bank” 1 milyard 85.5 milyon, "Bank Respublika" 1 milyard 15,7 milyon, “Access Bank” 924,2 milyon, “Yelo Bank” 599 milyon, “Ziraat Bank Azərbaycan” isə 532.1 milyon manat biznes sektoruna kredit verib.

Bankların cəmi kredit protfelinin 30.9%-ni (8,603.6 milyon manat) isə istehlak kreditləri təşkil edib. Hesabat dövründə “Kapital Bank” fiziki şəxslərə 3 milyard 6.6 milyon manat dəyərində istehlak krediti verərək ən çox istehlak kreditləşməsi reallaşdıran bank olub. Digər banklardan “Access Bank” 245.6 milyon, “Azərbaycan Beynəlxalq Bank”ı 1 milyard 868.9 milyon, “Unibank KB” 612.7 milyon, “Bank of Baku” 589 milyon, "Bank Respublika" 332.7 milyon, Azər Türk Bank 301.2 milyon, “Yelo Bank” 272.4 milyon, “Bank VTB (Azərbaycan)” isə 100 milyon manat dəyərində istehlak krediti verib.

Onu da nəzərə çatdıraq ki, istehlak kreditləri adətən təminatsız verilir, buna görə də bu kreditlər bank üçün riskli olur.

Ekspertlər bildirir ki, illik müqayisədə cəmi kredit portfeli 18,7%, o cümlədən, biznes kreditləri portfeli 17%-dən çox, istehlak kreditləri portfeli 20%-dən çox artıb. O da qeyd edilir ki, bu artım kredit fazilərinin yüksək olduğu şəraitdə baş verib. Belə ki, bankların marjaları 6-8% arasında təşkil edir. İldə bir milyon kredit verən bankın kreditlər üzrə minimum mənfəəti 60 min, maksimim mənfəəti isə 80 min manat təşkil edir. Nəzərə alsaq ki, ölkənin kredit portfelinin həcmi təxminən 27 milyard manat təşkil edir, onda bankların illik mənfəəti təxminən 1,6 milyard manata yaxınlaşır. Banklar əldə etdikləri bu marjanı yenidən kreditləşməyə yönlətsələr, hər il kredit partfelinin həcmi ən azı bankların ümumi mənfəəti qədər artar. Lakin bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 18,7% azalıb.

Yaranmış vəziyyəti Teleqraf-a şərh edən maliyyə və bank məsələləri üzrə ekspert Emin Kərimov bildirdi ki, likvidlik, kreditlərin gecikmə riski makroiqtisadi, eləcə də qlobal proseslərlə əlaqədardır:

"Problemli kreditlər həmişə olub və olacaq. Çünki burada həm obyektiv, həm də subyektiv səbəblər var. Problemli kreditin olması portfelin daimi qeyri-işlək vəziyyətdə olması demək deyil. Bu kreditlərin banka vuracağı zərərlər əvvəlcədən hesablanır. Çünki problemli kreditlərin təqibi prosesində banklar krediti gecikdirənlərlə mütəmadi əlaqədə olur, həmin kreditlər üçün ehtiyatlar yaradılır".

Ekspertin sözlərinə görə, bank sistemində baş verən tərəddüdlər, gedişlər makroiqtisadiyyata təsir göstərir.

"Ödəniş, kredit sahəsi riskli sahə olduğuna görə və bankların əsas gəlir mənbəyi olduğuna görə banlar kredit verərkən bu riskləri nəzərə alırlar”.

Ölkədə bəzi bankların banklar və digər maliyyə institutlarındakı depozitlər və ticarət və investisiya qiymətli kağızlar üzrə faiz gəlirlərinin azalmasına gəlincə isə, ekspert bildirdi ki, insanlar daşınmaz əmlaka vəsait yatırıb, sonra da həmin əmlakı kirayə verməklə daha çox qazanmağa təşəbbüs göstərirlər:

"Depozitlər bankların vəsait mənbəyidir. Lakin bank bunu bu gün 1000 manat şəklində qəbul edirsə, sabah müştəriyə 1100 – 1200 manat həcmində qaytarmalıdır. Bu bankın öhdəliyidir. Bankın əsas gəlir mənbəyi isə kreditlərdir, çünki bank krediti sizə “satır” və faiz əldə edir. Kreditlərdən, ümumiyyətlə əməliyyatlardan əldə edilən faiz gəlirləri bankın əsas gəlir mənbəyidir. Bank kreditləri depozitlərin hesabına verir, lakin kreditlər bankların yeganə gəlir mənbəyi deyil. Banklar istənilən donor təşkilatlarından, Mərkəzi Bankdan, digər müstəqil maliyyə investisiya korporasiyalarından ucuz vəsait cəlb edə bilərlər. Yəni depozitlərin azalması bankların gəlirlərinin azalmasına təsir edən amillərdən biri deyil”.

İqtisadçı ekspert Xalid Kərimli isə bildirdi ki, ölkədə problemli kreditlərin mütləq artımı olsa da, faiz nisbətində hər şey yaxşıdır:

“Mütləq həcmdə niyə artım var? Çünki bankların ümumi kredit portfeli artır. Ötən illə müqayisədə bankların kredit portfelində 18%-ə qədər artım var. Artım xüsusən istehlak kreditlərindədir. Qeyri-işlək kredit portfelinin artıb-artmadığını müqayisə etmək üçün nisbi göstəricilərə müraciət etmək lazımdır. Onlar vəziyyəti daha dolğun, dürüst izah edir. Əvvəlki illərin statistikasına baxsaq görürük ki, həmin illərdə qeyri-işlək kredit portfelinin həcmi 13-14%-ə qalxırdı. Əgər 2021-ci ilin sonunda problemli kreditlərin ümumi kredit strukturunda payı 4.5% idisə, ötən ilin martın sonunda bu rəqəm 2.7% olub, bu ilin martın sonuna isə 2.5% olub. Bunlar, bəlkə də, Azərbaycanın maliyyə sektorunun tarixində ən yaxşı rəqəmlərdir. Bu baxımdan ölkədə problemli kredit portfelinin təhlükləli həddə olması, və yaxud narahatlıq yaratması məsələsi gündəmdə deyil”.

Xalid Kərimli qeyd etdi ki, son bir ildəki dəyişiklərə baxdıqda görünür ki, problemli kredit portfelinin strukturunda biznes kreditlərinin payı azalıb:

“Bu göstərici 3.2%-dən 2.6%-ə düşüb. İstehlak kreditlərinin payı 2.9%-dən 3.3%-ə qalxıb. İpoteka kreditlərin payı isə 1%-dən 0.8%-ə enib. Təbii ki, burada istehlak kreditlərinin payındakı artım diqqət çəkir, lakin biznes kreditləri və ipoteka kreditlərinin payında əhəmiyyətli azalma müşahidə olunur. Bank sektoru üçün bu, vəziyyətin yaxşılaşması, problemli kreditlərin ümumi kreditlərdə xüsusi çəkisinin azalması deməkdir".

İqtisadçı ekspert vurğuladı ki, istehlak kreditləri istiqamətində də ciddi nəzarət tədbirləri mövcuddur:

“Banklar vətəndaşlara kredit verərkən borcun gəlirlərə nisbətinə xüsusi riayət edirlər. Əgər vətəndaşın aylıq borc ödənişi onun aylıq gəlirindən 45%-dən çoxdursa, ona kredit verilmir. Verilsə də, xüsusi ehtiyatlar yaradılır. Borcun gəlirlərə nisbəti 45%-ə qədərdirsə, banklar rahat qərar verə bilir. Digər hallarda isə əlavə ehtiyatlar yaradılmalı, və yaxud da vətəndaşın əlavə gəlirləri öyrənilməlidir".