BAKI, 3 dekabr. TELEQRAF

Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnternational” işçisinin şikayəti əsasında cərimələnib.

Teleqraf-ın məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti şirkətə İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinin tələblərini pozduğu üçün 1000 manat məbləğində cərimə təyin edib.

Belə ki, şirkətin əməkdaşı S.Elçin aidiyyəti üzrə şikayət edərək bildirib ki, “İnternational” Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbini pozaraq bayramqabağı olmasına baxmayaraq, istirahət rejimini pozub və 1 saat qısaldılma etməyib.

Şirkət rəhbərliyi qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi üçün Səbail Rayon Məhkəməsinə şikayətlə müraciət edib. Lakin məhkəmə sənədlərə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərib.

Qeyd edək ki, “International” BOKT-un İdarə Heyətinin sədri Nicat Həsənov, Müşahidə Şurasının sədri isə Rifat Həsənovdur.