BAKI, 3 mart. TELEQRAF

Böyük Britaniya Səfirliyi və Mərkəzi Bank (AMB) Karbon Hesablaması Üzrə Maliyyə Tərəfdaşlığı (PCAF) və Britaniya Standartları İnstitutu (BSI) ilə birgə Azərbaycan bank təşkilatlarına karbon hesablaması təlimi keçirib.

Teleqraf xəbər verir ki, dörd günlük tədbir beynəlxalq standartlardan istifadə edərək maliyyələşdirilən emissiyalar üçün karbon hesablaması strategiyalarını hazırlamaqla bank sektorunun potensialını artırmağa yönəlib.

Maliyyələşdirilən emissiyalar kapital, borclar və ya digər maliyyə alətləri ilə əlaqəli karbon izi deməkdir.

"Beynəlxalq maliyyə institutlarının karbon hesablaması standartlarını qəbul etməsi onların dayanıqlılığını və qlobal rəqabət qabiliyyətini gücləndirməyə kömək edə bilər. Azərbaycan bankları üçün yaşıl maliyyə sahəsində imkanlar və Azərbaycan iqtisadiyyatının bütün sahələrində yaşıllaşdırılmasına töhfə vermək fürsətləri mövcuddur", – deyə Böyük Britaniya Səfirliyinin Bakıdakı Regional Proqram rəhbəri Ülkər Səfərəliyeva bildirib.

Azərbaycan Mərkəzi Bankının Maliyyə Sektorunun Davamlı İnkişafı şöbəsinin direktoru Rüstəm Tahirov Birləşmiş Krallıqdakı tərəfdaşlarla bu təlim təşəbbüsündə əməkdaşlıq etməkdən məmnun olduqlarını bildirib:

“Bu təşəbbüs Azərbaycanın Mərkəzi Bankının ölkədə yaşıl keçidi irəlilətmək üçün apardığı səyləri tamamlayır və COP29-da qlobal davamlı maliyyə gündəmini irəlilətmək üzrə öhdəliklərimizi dəstəkləyir”.

PCAF-ın Texniki Yardım üzrə rəhbəri Filip Şauer qeyd edib ki, Azərbaycan hidrokarbon iqtisadiyyatlarının qlobal keçid gündəminə töhfə verə biləcəyini nümayiş etdirmək üçün əlverişli mövqedədir:

“Azərbaycanın Mərkəzi Bankı, COP29-da da göstərildiyi kimi, davamlı maliyyə sahəsində beynəlxalq yanaşmaların harmonizasiyasında mühüm rol oynayıb. PCAF bu səyləri dəstəkləmək məqsədilə buradadır. Biz AMB və Azərbaycan maliyyə qurumları ilə birgə qlobal karbon hesablanması standartları haqqında maarifləndirməni artırmaq və onların Azərbaycanda qəbul edilməsini asanlaşdırmaq üçün çalışmaqdan məmnunuq”, –qeyd edib.

“BSI və PCAF kimi təşkilatlar davamlılıq hesabatı üçün qlobal standartların müəyyən edilməsində kömək edirlər. Bizim beynəlxalq karbon hesablanmasl standartlarımız Birləşmiş Krallığı beynəlxalq yaşıl maliyyə mərkəzinə çevirməyə töhfə verib. Biz Britaniya Səfirliyi, AMB və PCAF ilə əməkdaşlıq edərək təcrübəmizi Azərbaycan maliyyə qurumları ilə bölüşmək və onların keçid maliyyəsi və davamlılıq sahəsindəki səylərini dəstəkləməkdən məmnunuq” – deyə BSI-nin Beynəlxalq İnkişaf Direktoru Volodimir Yakubov bildirib.