Mütəxəssis yoxdur, banklar fermerlərə lazımi qədər kredit ayırmır…
Bakıda Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə təşkilatçılığı ilə “Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirin məqsədi Azərbaycanda kiçik və orta miqyaslı aqro-biznes müəssisələrin inkişafına yardım etmək və aqro – sığortanı təşviq etmək, BMK-nın Avropa və Mərkəzi Asiya üzrə Aqro–maliyyə Layihəsi çərçivəsində yerli sığorta şirkətləri üçün təlim təşkil etmək olub. Görüş müzakirələr və təlimlər olmaqla, iki paneldən ibarət təşkil edilib.
1-ci panel BMK-nın Azərbaycan üzrə daimi nümayəndəsi Aliyə Əzimovanın moderatorluğu ilə baş tutub. Paneldə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov “Azərbaycan hökumətinin ölkədə aqrar sığortanın inkişaf strategiyası və prioritetləri”, Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və Mühasibat Şöbəsinin Baş Məsləhətçisi Rəhim Novruzov “Aqrar sığorta bu sahədə risklərin azaldılması üçün effektiv alət kimi”, BMK-nın Şərqi Avropa və Mərkəzi Asiyada Kənd Təsərrüfatının Maliyyə Xidmətləri üzrə proqramın meneceri Lea Soroka “Aqrar sığorta kənd təsərrüfatı sektorunun davamlı inkişafı üçün alət kimi”, BMK-nın Şərqi Avropa və Mərkəzi Asiya regionunda Kənd Təsərrüfatının Maliyyəsi bölməsinin sığorta mütəxəssisi Andrey Zaripov “Aqrar sığorta niyə əhəmiyyətlidir?”, ASA-nın sədri Orxan Bayramov isə “Aqrar sığortanın inkişafına və bu sahədə olan sığorta haqlarına dair məlumatlılığın artırılmasında biznes assosiasiyalarının rolu” mövzusunda çıxış ediblər.
İkinci paneldə isə ukraynalı qonaqlar – Andrey Zaripov və Lea Soroka iştirakçılara aqrar sığorta məhsullarının hazırlanması metodologiyası üzrə təlimlər keçiblər. Təlim zamanı məlumat tələblərinin icmalı, sığorta məhsullarının növü, strukturu və komponentləri, yenidən sığortalanma və aqro–sığorta sisteminin inkişafı üçün lazım olan digər əhəmiyyətli aspektlər izah edilib. BMK–nın ekspertləri bu sistemin Ukraynada inkişaf etdirilməsi ilə bağlı öz praktik təcrübələrini bölüşüblər.
Azərbaycanda kənd təsərrüfatı sığortasının tətbiqinin genişlənməsi istehsalçıların maliyyə resurslarına çıxışını asanlaşdıracağını deyən Namiq Xəlilov bildirib ki, ÜDM-də aqrar sektorun payı az olsa da, Azərbaycanı aqrar ölkə hesab etmək olar: “Çünki ölkə əhalisinin təxminən 45 faizi kənd yerində yaşayır. Ona görə də aqrar sahənin inkişafı ümumi inkişaf üçün böyük rol oynayır və bu sahə ÜDM-in artımı üçün potensial sahədir. Aqrar sektorun inkişafı ilə sosial problemlərin, işsizliyin aradan qaldırılması mümkün ola bilər. Həmçinin aqrar sektorun inkişafı ərzaq təhlükəsizliyini təmin edən sahədir. Beynəlxalq təcrübə göstərir ki, aqrar sahənin dayanıqlı inkişafı üçün müəyyən maliyyə mexanizmləri lazımdır. Kənd təsərrüfatı istehsalçılarının maliyyə mənfəətini qoruya biləcək mexanizm də sığortadır. Hazırda ölkədə bu sahə kifayət qədər inkişaf etməyib. Bunun üçün müəyyən infrastruktur, statistik məlumatlar olmalı, risklilik dərəcəsi müəyyən edilməli, sığorta ekspertləri hazırlanmalıdır. Əsas məqsədimiz kənd təsərrüfatı sığortasının inkişafı üçün beynəlxalq təcrübəni öyrənib Azərbaycanda tətbiqidir. Sonrakı mərhələdə isə kənd təsərrüfatı istehsalçıları arasında bu sığorta üzrə maarifləndirmə aparmaqdır”.
Aliyə Əzimova bildirib ki, hazırda ölkədə aqrar sahə işçi qüvvəsinin 38 faizini, ÜDM-in isə 5,3 faizini təşkil edir: “Kənd təsərrüfatının inkişafı olduqca önəmlidir və 2015-ci il “Kənd təsərrüfatı ili” elan olunub. Bu sahənin inkişafı üçün maliyyələşmə vacib rol oynayır. Lakin bu sahədə iki ciddi risk - qiymət və hava riskləri var. Maliyyə təşkilatlarının həmin riskləri anlamaması onları bu sektora ehtiyatlı yanaşmağa vadar edir. Ona görə də, kənd təsərrüfatı sığortası məliyyələşdirməni asanlaşdıra bilər. Həmçinin, bu, sığorta şirkətləri üçün əlavə mənfəət qazandıra bilər. Hazırda dünyada fermerlər sığortanı kreditə çıxış imkanı verən alət hesab edirlər. Kənd təsərrüfarı sığortası istehsalçıların maliyyələşməsini artıra bilər”.
Kənd Təsərrüfatı Nazirliyi maliyyə və mühasibat uçotu şöbəsinin baş məsləhətçisi Rəhim Novruzov isə qeyd edib ki, artıq elektron kənd təsərrüfatı məlumat sisteminin yaradılmasına başlanılıb. O qeyd edib ki, bu sistemin yaradılması üçün 2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyinə 4,8 milyon manat ayrılıb.
Nazirlik rəsmisi ölkədə kənd təsərrüfatı sığortası sisteminin stimullaşdırılması haqqında qanundan irəli gələrək məhsul istehsalının sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənildiyini deyib: “2007-2015-ci illərdə bunun üçün dövlət büdcəsindən 7,5 milyon manat ayrılıb. Lakin bu məbləğin hər il ancaq 40-60 min manatından istifadə olunub. Bu da fermer və sığortaçıların bu sahəyə marağının az olması ilə bağlıdır”.
Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar aqrar sektorda inkişaf müşahidə olunduğunu deyən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Neyl Makkeyn təmsil etdiyi qurumun kənd təsərrüfatına tərəfdaş banklar vasitəsilə yardım edildiyini dedi: “Yaxşı bir haldır ki, hazırda kənd təsərrüfatının iqtisadiyyatda payı 13 faizdən 15 faizə yüksəlib. Biz istəyirik ki, bu sahənin inkişafına birbaşa yardım ayıraq. Bu vaxta qədər təxminən 11 layihəni birbaşa maliyyələşdirmişik və onların ümumi dəyəri 40 milyon avrodur”.
Neyl Makkeyn həmçinin kənd təsərrüfatına texniki yardım çərçivəsində EBRD-nin gələcəkdə hər müştəriyə 300 min avro məbləğində yardım ayıra biləcəyini açıqlayıb.
Aqrar sığortanın inkişafı üçün fermerlərin də bu barədə məlumatlılığının artırılmasının vacib olduğunu deyən Andrey Zaripovun sözlərinə görə, kənd təsərrüfatı məhsulları istehsalçılarının daha risksiz, mütərəqqi texnologiyalardan istifadə etməsi də aqrar sığortanın inkişafı, sığorta şirkətlərinin bu sahəyə marağının artması üçün başlıca şərtlərdəndir: “Bu həm də aqrar sahənin daha da inkişaf etməsi deməkdir. Azərbaycan bankları aqrar sahədə risklərin, xüsusilə da hava şəraiti riskinin böyük olduğunu nəzərə alıb fermerlərə lazımi qədər kredit ayırmırlar. Bu sahədə sığortanın tətbiqi bankların kənd təsərrüfatının kreditləşməsini stimullaşdıra bilər”.
Andrey Zaripov bildirib ki, bəzən fermerlər məhsulunun bir hissəsini toplayır, sonra isə sığorta şirkətinə məhsulun hava şəraiti ucbatından məhv olması barədə məlumat verirlər: “Amma bunu peyk çəkilişləri sayəsində müəyyən etmək mümkündür. Yəni, fermerin sahəsində nə baş verdiyini sığorta şirkətləri müəyyən edə bilərlər. Bunun üçün Azərbaycanda da imkanlar var”.
Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov isə Azərbaycanda aqrar sığortanın inkişafına mane olan amillərdən biri kimi bu sahədə qiymətləndirmə apara biləcək mütəxəssislərin olmamadığını deyib: “Lazımi ekspertlərin hazırlanması üçün Beynəlxalq Maliyyə Korporasiyası ilə danışıqlar aparılır, əməkdaşlıq edilir. Dünya təcrübəsində hər bir regional zonanın özünəməxsus kənd təsərrüfatı məhsulu var. Hər bir zonada ekspertlər mövcud olmalıdır ki, sığorta hadisəsi baş verərkən dəymiş ziyanı qiymətləndirə bilsin”.
Bundan başqa, Orxan Bayramovun sözlərinə görə, aqrar sığortanın inkişafı üçün az son 4-5 ilin statistik məlumatlarının olması vacibdir: “Beynəlxalq təcrübə göstərir ki, adətən böyük zərərlər 4-5 ildən bir baş verir. Sığorta şirkətləri bu dövrülüyü bilməlidir. Dövlət qurumları ilə informasiya mübadiləsinin aparılması vacibdir. Kənd Təsərrüfatı Nazirliyi, hava proqnozunu hazırlayan qurumlarla əməkdaşlıq gücləndirilməlidir ki, son illər qeydə alınmış risklər barədə məlumatlılıq olsun”.
Naibə QURBANOVA