BAKI, 25 iyul. TELEQRAF

Çeçen əsilli, Türkiyəni təmsil edən UFC döyüşçüsü İslam Dulatov braziliyalı Vellinqton Turmana qarşı keçirəcəyi döyüşdən son anda imtina edib.

Teleqraf xəbər verir ki, buna səbəb idmançının döyüşdən bir gecə əvvəl infeksiya səbəbindən xəstəxanaya yerləşdirilməsi olub.

Dulatovun sosial şəbəkə hesabında yayılan açıqlamada bildirilib ki, son həftələr ərzində o, bu qarşılaşmaya maksimum səviyyədə hazırlaşmaq üçün bütün gücünü sərf edib.

“Ötən gecə İslam infeksiya səbəbindən xəstəxanaya yerləşdirildi və bir neçə saat tibbi yardım aldı. Döyüşün baş tutması üçün bütün imkanlar nəzərdən keçirilsə də, UFC ilə birgə onun sağlamlığı nəzərə alınaraq qarşılaşmadan çəkilməsi barədə qərar verildi.

Hazırda İslam üçün yeganə prioritet tam sağalmaqdır. O, vəziyyəti imkan verən kimi şəxsən azarkeşlərə müraciət edəcək. Xüsusilə bu döyüşü səbirsizliklə gözləyən və onu dəstəkləyən hər kəsdən üzr istəyirik. Bir şey dəqiqdir: İslam tam bərpa olunacaq və əvvəlkindən daha güclü qayıdacaq”, - açıqlamada vurğulanıb.