BAKI, 6 iyul. TELEQRAF

Bu gün Azərbaycanda və keçmiş SSRİ məkanında ilk elektrikləşdirilmiş dəmir yolu kimi tarixə düşən Bakı–Sabunçu–Suraxanı xəttinin istifadəyə verilməsindən 100 il ötür.

Teleqraf xəbər verir ki, 1926-cı il iyulun 6-da istismara verilən Bakı–Sabunçu–Suraxanı dəmir yolu xətti ölkədə dəmir yolu nəqliyyatının inkişafında mühüm mərhələ hesab olunur.

Həmin dövrdə inşa edilən Bakı–Sabunçu elektrikləşdirilmiş dəmir yolu vağzalı Bakının əsas nəqliyyat qovşaqlarından birinə çevrilib.

Elektrikləşdirilmiş Bakı–Sabunçu–Suraxanı dəmir yolu xətti ilə minlərlə sərnişin, o cümlədən neftçilər və sənaye işçiləri Bakıətrafı yaşayış məntəqələrinə və digər istiqamətlərə daha sürətli və rahat şəkildə səfər edib.

Hazırda isə bir əsrlik dəmir yolu irsi müasir infrastruktur layihələri və dayanıqlı dəmir yolu xətləri vasitəsilə inkişaf etdirilərək gələcək nəsillərə ötürülür.