BAKI, 6 iyul. TELEQRAF

Cari ilin sentyabrında Yunanıstan-Azərbaycan biznes forumu keçiriləcək.

Teleqraf xəbər verir ki, forumun təşkili ilə bağlı məsələlər İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayevin Yunanıstanın Azərbaycandakı səfiri Maria Papakonstantinou ilə görüşündə müzakirə olunub.

Görüş zamanı Agentliyin fəaliyyət istiqamətləri, eləcə də Azərbaycan və Yunanıstan arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verib.

Tərəflər turizm, kənd təsərrüfatı, qida sənayesi, süni intellekt, rəqəmsal texnologiyalar və yaşıl enerji sahələrində mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə eyni zamanda cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə də məlumat verilib.

Qeyd edək ki, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanın Yunanıstanla ticarət dövriyyəsi 428 milyon 30,77 min ABŞ dolları təşkil edib ki, bu da ölkənin ümumi xarici ticarət dövriyyəsinin 2,06%-nə bərabərdir.