BAKI, 2 iyul. TELEQRAF

Yay mövsümündə artan sərnişin tələbatı nəzərə alınaraq 6–31 iyul tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil olunacaq.

Bu barədə Teleqraf-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, əlavə reyslər çərçivəsində qatar bazar ertəsi və çərşənbə günləri saat 09:15-də Bakıdan Ağstafaya, çərşənbə axşamı və cümə axşamı günləri isə saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Sərnişinlər bu reyslər üçün biletləri 10 faiz endirimlə dəmir yolu kassalarından, ADY-nin rəsmi internet saytından və ya "ADY Mobile" mobil tətbiqi vasitəsilə əldə edə bilərlər.

Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə qatarlar gündəlik əsasda fəaliyyətini davam etdirir.