BAKI, 2 iyul. TELEQRAF
Hazırda SOCAR-ın əsas diqqət yetirdiyi istiqamətlər Afrika və Cənub-Şərqi Asiyadır. Pakistan, Banqladeş, Hindistan və digər ölkələrdə yeni inkişaf imkanlarını araşdırırıq.
Teleqraf xəbər verir ki, bu barədə "SOCAR Trading"in Qlobal Biznesin İnkişafı şöbəsinin rəhbəri Toğrul Köçərli Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumda çıxışı zamanı deyib.
O qeyd edib ki, şirkət Türkiyə bazarına 20 milyard ABŞ dollarından çox investisiya yatırıb:
“Qonşumuz Gürcüstanda enerji sektorunun demək olar ki, bütün seqmentlərində çox güclü mövqeyimiz var.
Bu yaxınlarda Ermənistanla da ticarət fəaliyyətinə başlamışıq və SOCAR bu istiqamətdə ilk addımı atan şirkət olub. Hesab edirəm ki, bu prosesdə Qara Dəniz Ticarət və İnkişaf Bankı da mühüm rol oynaya bilər.
Qara dənizin qərb sahillərində də böyük imkanlar mövcuddur. SOCAR həmin bazarlarda fəaliyyət göstərsə də, hələ kifayət qədər aktiv deyil. Söhbət Rumıniya, Albaniya, Bolqarıstan və əlbəttə ki, Yunanıstandan gedir.
Rumıniyada yanacaqdoldurma məntəqələri və terminallarımız vasitəsilə birbaşa fəaliyyət göstəririk. Albaniyada qeydiyyatdan keçmiş şirkətimiz var və hazırda ölkə tarixində ilk dəfə olaraq Korça şəhərinə təbii qazın nəqlinə başlamaq istiqamətində fəaliyyətimizi genişləndiririk”.