BAKI, 2 iyul. TELEQRAF

KOB-ların inkişafının və beynəlmiləlləşməsinin bütün mərhələlərini dəstəkləyən bütöv maliyyə ekosistemi formalaşdırılmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumda çıxışı zamanı deyib.

O qeyd edib ki, kredit zəmanətləri və portfel zəmanəti mexanizmləri kimi riskin bölüşdürülməsi alətləri daha da genişləndirilməlidir:

“Bu mexanizmlər KOB-ların üzləşdiyi çətinliklərin aradan qaldırılmasına kömək edə və kommersiya banklarını risklərini azaltmaqla kiçik və orta sahibkarlıq subyektlərinə daha çox kredit verməyə təşviq edə bilər.

İkinci mühüm istiqamət ticarətin maliyyələşdirilməsi və ixrac kreditləri alətləridir. Faktorinq, təchizat zəncirinin maliyyələşdirilməsi və ixrac sığortası KOB-lara pul axınlarını daha səmərəli idarə etməyə, ödəniş risklərini azaltmağa və beynəlxalq bazarlarda daha inamla rəqabət aparmağa imkan verir.

Üçüncü istiqamət qarışıq maliyyələşdirmə (blended finance) mexanizmləridir. Xüsusilə mikro və kiçik biznes üçün bu model böyük imkanlar yaradır. İnkişaf banklarının, KOBİA, AZPROMO kimi dövlət qurumlarının, özəl maliyyə institutlarının və biznes assosiasiyalarının resurslarını bir araya gətirməklə daha çox investisiya cəlb etmək və biznes üçün maliyyələşmə xərclərini azaltmaq mümkündür. Bu, xüsusilə innovasiya, rəqəmsallaşma və yaşıl texnologiyalara investisiya qoyan şirkətlər üçün mühüm əhəmiyyət daşıyır”.