BAKI, 2 iyul. TELEQRAF
Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılması üçün Qara Dəniz regionunun demək olar ki, bütün ölkələrində nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya yatırılmalıdır. Buraya Azərbaycan, Gürcüstan, Ermənistan, Rumıniya və Bolqarıstan daxildir.
Teleqraf xəbər verir ki, bu barədə Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Ziya Əliyev Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumda çıxışı zamanı deyib.
O bildirib ki, bu marşrut Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır:
“Buna görə də digər beynəlxalq maliyyə institutları ilə birlikdə iri həcmli infrastruktur layihələrinin həyata keçirilməsində iştirak etmək üçün əlimizdən gələni edirik”.
Z.Əliyev əlavə edib ki, Azərbaycanda hazırda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı təxminən 4-5 faiz təşkil edir:
“Hökumətin bu göstəricini 30 faizə çatdırmaq kimi çox iddialı hədəfi var və biz bu prosesdə iştirak etməkdən məmnunuq.
Emal sənayesi və aqrobiznes də strateji istiqamətlərdən biridir. Bilirik ki, Qara Dəniz regionundakı üzv ölkələrin demək olar ki, hamısında bu sahələr geniş inkişaf potensialına malikdir. Emal sənayesi və aqrobiznes iqtisadiyyatda mühüm rol oynayır. Buna görə də investisiyaların dəstəklənməsi məqsədilə bu sektorlardakı layihələrin maliyyələşdirilməsində fəal iştirak etməyə çalışırıq”.