BAKI, 2 iyul. TELEQRAF
Azərbaycan innovasiya, iqtisadiyyatın şaxələndirilməsi, yaşıl keçid və regional inteqrasiyanın gücləndirilməsi ilə səciyyələnən inkişafının yeni mərhələsinə keçid edir. Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycan ilə əməkdaşlığını daha da dərinləşdirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə QDTİB prezidenti Serhat Köksal bankın Rəhbərlər Şurasının Bakıda keçirilən 28-ci İllik Toplantısı və Biznes Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, bank Azərbaycanla daha çox iş görmək niyyətindədir:
“Daha çox investisiya yatırmaq, daha geniş tərəfdaşlıqlar qurmaq, fəaliyyəti genişləndirmək, innovasiyalar tətbiq etmək və sərhədlərarası əlaqələrini möhkəmləndirmək istəyən bizneslərə daha güclü dəstək vermək istəyirik.
Regional çoxtərəfli inkişaf bankı olaraq inanırıq ki, bizim rolumuz yalnız maliyyələşdirmə ilə məhdudlaşmır. Biz təkcə kapital deyil, həm də uzunmüddətli öhdəlik, regional təcrübə və əməkdaşlıq üçün platforma təqdim edən etibarlı tərəfdaşıq”.