BAKI, 2 iyul. TELEQRAF
Azərbaycan bazarların əlaqələndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və əməkdaşlıq vasitəsilə dayanıqlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal bankın Rəhbərlər Şurasının Bakıda keçirilən 28-ci İllik Toplantısı və Biznes Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, karbohidrogen ehtiyatlarından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində görülən işlər investisiya və əməkdaşlıq üçün yeni imkanlar yaradır:
“Bankın Azərbaycanla əməkdaşlığı artıq iyirmi ildən çoxdur qarşılıqlı etimad, ortaq məqsədlər və özəl sektorun inkişafının transformativ roluna əsaslanan tərəfdaşlıq prinsipləri üzərində inkişaf edib. Bu müddət ərzində QDTİB maliyyə institutları, istehsal, ticarət, energetika və digər sahələri əhatə edən çoxsaylı layihələri dəstəkləməklə yeni iş yerlərinin yaradılmasına, rəqabətqabiliyyətliliyin artırılmasına və dayanıqlı iqtisadi artımın təşviqinə mühüm töhfə verib”.