BAKI, 25 iyun. TELEQRAF
Güclü audit sistemi dövlətin, təsərrüfat subyektlərinin və vətəndaşların qanuni mənafelərinin qorunmasına, ictimai resurslardan səmərəli istifadəyə, korrupsiya risklərinin azaldılmasına və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsindəauditin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.
O bildirib ki, audit yalnız maliyyə hesabatlarının düzgünlüyünün qiymətləndirilməsi deyil:
“O, eyni zamanda şəffaflığın, hesabatlılığın, qanunun aliliyinin və məsuliyyətli idarəetmə mədəniyyətinin təmin edilməsinə xidmət edən mühüm institusional mexanizmdir.
İnsan hüquqları baxımından audit şəffaflığı və hesabatlılığı gücləndirir, ictimai etimadı artırır, hüquq pozuntularının qarşısının alınmasına və sosial ədalətin təmin olunmasına xidmət edir.
Fəaliyyətimizdə insan hüquqlarının pozulmasına reaksiya verməklə yanaşı, bu cür halların qarşısının alınmasına xidmət edən preventiv mexanizmlərin inkişafına da xüsusi önəm veririk.
Bu baxımdan audit institutu hüquqi dövlətin möhkəmləndirilməsi, səmərəli idarəetmənin təşviqi və insan hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm tərəfdaşdır”.