BAKI, 1 sentyabr. TELEQRAF

“Rusiya artıq dəfələrlə uğursuzluğa düçar olan Robert Köçəryan və Serj Sərkisyana ümid bağlamır”.

Teleqraf xəbər verir ki, bunu erməni siyasi şərhçi Vardan Malxasyan deyib.

“Rusiya daim hesabını rüşvətə bulaşmış, erməni xalqının dərindən nifrət etdiyi Köçəryan, Sarkisyan və onların kimilərinə ümid bağlayır, buna görə də uğursuzluğa düçar olur. Dünyada ölkəsini Köçəryan və Sərkisyan qədər talamış başqa ölkə rəhbərləri yoxdur. Erməni dilini bilməyən Köçəryan saxtakarlıqla ölkə rəhbəri oldu, hakimiyyəti ona verdilər ki, qənimətə sahib çıxsın. Canavar iştahı vardı.

Qarabağdan Ermənistana gələndə bir “Zaporojets”i, iki köynəyi var idi, burada milyonçu oldu. Onları dövlət səviyyəsində vətən xaini kimi qiymətləndirmək və rüsvayçılıq dirəyinə mıxlamaq lazımdır”, - o bildirib.

Ekspert vurğulayıb ki, Köçəryan çox ağır cinayətlərə bulaşıb və artıq bədəlini ödəmək vaxtı gəlib: “Putin tərəfdarı olan çirkablar ölkəni içəridən partlatmaq istəyirlər, amma ruslar özlərinin “5-ci kolon”unu siyahıdan siliblər, artıq onlara sahib çıxmırlar. Putin gördü ki, bunlar quldurdur, onu da aldadırlar”.

Vardan Malxasyan həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ermənistana hər şey edə biləcəyi qənaətindədir: “Putindən hər cür hərəkəti gözləmək olar. O, demokratiyanın düşmənidir, Rusiyanı da məhvə aparır”.

Xatırladaq ki, Robert Köçəryan avqustun 27-də vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə məhkəmənin qərarı əsasında iki aylıq həbs edilib.