BAKI, 1 sentyabr. TELEQRAF

“İsveçrə hakimiyyəti neytrallıq məsələsində ikili mövqe tutur, amma ancaq həftəsonları neytral dövlət olmaq mümkün deyil”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

İsveçrədə neytrallıqla bağlı keçiriləcək referendumu şərh edən diplomat deyib: “Bu referendum ilk növbədə İsveçrənin özü və onun əhalisi üçün vacibdir. Bizim üçün isə bunu izləmək çox maraqlıdır. Çünki bizə də vaxtilə hansı referendumların düzgün, hansılarının isə yanlış olduğu öyrədilirdi”.

Mariya Zaxarova qeyd edib ki, bu kontekstdə İsveçrə hakimiyyətinin cəmiyyətlə necə işləməsini, necə siyasi manevrlər etdiyini izləmək də maraqlıdır:

“Bir-iki il əvvəl İsveçrənin, Qərbi Avropanın və Aİ-nin ekspertləri bizim İsveçrənin mövqeyinə görə onun statusunu artıq “neytral” adlandırmağın mümkün olmadığı barədə fikir və bəyanatlarımızı hiddətlə rədd edirdilər. Bizə deyirdilər ki, hər şeyi şişirdirik, vəziyyəti düzgün qiymətləndirmirik və İsveçrə neytral olaraq qalır. İndi isə İsveçrə hökuməti referendum keçirir və görünür, bunun məqsədi ölkə ictimaiyyətini İsveçrənin artıq əvvəlki kimi neytral olmadığı və guya bunun normal olduğu fikrinə hazırlamaqdır.

Yəqin neytrallıq istəyə görə olacaq: yəni hansı gün hansı neytrallıq forması lazım olsa, elə də olacaq. Amma nə bir qədər neytral olmaq, nə həftəsonları neytral qalmaq, nə də cüt tarixlərdə neytral olmaq mümkündür. Bu, avtomobil nömrələri deyil ki, Avropanın bəzi şəhərlərində olduğu kimi, bazar ertəsi cüt, çərşənbə axşamı isə təknömrəli avtomobillərin hərəkətinə icazə verilsin. Neytrallıq ölkənin xarici siyasət kursunun formalaşdırılmasını nəzərdə tutan dövlət statusudur”.