BAKI, 4 iyun. TELEQRAF

“Şahdəniz 2” layihəsi çərçivəsində hazırda ildə 17 milyard kubmetr qaz hasil olunur.

Bu barədə Teleqraf-a “BP Azerbaijan”dan məlumat verilib.

Bildirilib ki, yatağın işlənməsinin birinci mərhələsi də daxil olmaqla “Şahdəniz“dən ümumi hasilat hazırda ildə 27 milyard kubmetr qaz və gündə 80 000 bareldən çox kondensat təşkil edir.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündə 76 milyon standart kubmetrdən və ya ildə 28 milyard kubmetrdən çoxdur.

Dənizdə “Şahdəniz 2” layihəsi 26 sualtı quyu, ümumilikdə 500 km uzunluğunda sualtı boru kəmərləri və axın xətləri və körpü vasitəsilə birləşdirilmiş iki yeni platformadan ibarətdir. Qaz 85 km-lik boru kəməri ilə quruya - əlavə qaz həcmlərini qəbul etmək üçün genişləndirilmiş “Səngəçal” terminalına nəql olunur. Layihə çərçivəsində həmçinin Cənubi Qafqaz Boru Kəməri (CQBK) ixrac sistemi də genişləndirilib və Azərbaycanda 428 km, Gürcüstanda isə 59 km olmaqla yeni boru kəməri və Avropayadək uzanan 3500 kilometrlik marşrut boyunca üç yeni kompressiya obyekti inşa edilib.
Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 23 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında dörd quyu daxildir.