BAKI, 4 iyun. TELEQRAF
“Azərbaycanda keçirilən “Azerbaijan Jewelry Show” sərgisinin əsas məqsədlərindən biri yerli zərgərlik məhsullarının beynəlxalq bazarlarda tanıdılması, “Made in Azerbaijan” brendinin təşviqi və ölkənin ixrac səbətində zərgərlik sənayesinin payının artırılmasıdır”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev “Azerbaijan Jewelry Show” sərgisində çıxışı zamanı deyib.
O bildirib ki, sərginin keçirilməsində əsas məqsədlərdən biri Azərbaycan zərgərlik sənayesinin məhsullarının tanıdılması, “Made in Azerbaijan” zərgərlik məmulatlarının təbliği, həmçinin bu məhsulların Azərbaycan bazarında və region ölkələrində mövqeyinin gücləndirilməsidir:
“Sərgidə hazır zərgərlik məmulatları ilə yanaşı, zərgərlik sənayesində istifadə olunan avadanlıqlar, dəzgahlar, müxtəlif ləvazimatlar, müasir texnologiyalar, eləcə də dövlət və özəl sektor tərəfindən təqdim edilən xidmətlər nümayiş olunur.
Sərgidə Azərbaycan şirkətləri ilə yanaşı, Türkiyə şirkətləri, sahibkarları və brendləri də iştirak edir. Bununla yanaşı, Özbəkistan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Rusiya və İsraildən alıcı və ziyarətçilərin qatılması nəzərdə tutulub”.
Assosiasiya sədri vurğulayıb ki, Azərbaycan zərgərlik məmulatlarına yaxın coğrafiyada ciddi tələbat mövcuddur və bu marağın arxasında peşəkar Azərbaycan zərgərlik məktəbi dayanır:
“Bizim əsas missiyamız Azərbaycan zərgərlik məktəbini, milli ornament və naxışları, eləcə də bu sahədəki adət-ənənələri qoruyub saxlamaqdır. Bu baxımdan sərgidə Azərbaycan brendlərinin və “Made in Azerbaijan” məhsullarının geniş şəkildə təmsil olunmasına xüsusi önəm veririk”.