BAKI, 4 iyun. TELEQRAF

Bu ilin ilk rübündə Azərbaycanın zərgərlik məhsulları ixracı 47 faiz artıb.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən "Azerbaijan Jewelry Show" sərgisinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, zərgərlik sənayesi Azərbaycanın iqtisadiyyatı və ixracı üçün mühüm əhəmiyyət daşıyır.

“Zərgərlik sahəsi istehsal və ixracımıza əlavə dəyər qazandırdığı üçün bu sənayenin dəstəklənməsi bizim üçün çox vacibdir. Bu ilin ilk rübündə Azərbaycanın zərgərlik məhsulları ixracı əhəmiyyətli dərəcədə artıb. Artım təxminən 50 faiz təşkil edib. Bu göstərici iqtisadiyyatımız üçün olduqca önəmlidir”, – o qeyd edib.

T.Hacılı vurğulayıb ki, “Azerbaijan Jewelry Show” sərgisi Azərbaycan zərgərlik sənətinin ölkənin mədəniyyəti və ənənələrinin bir hissəsi kimi tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.