BAKI, 3 iyun. TELEQRAF

Tərtər Suqovuşan hidroqovşağından başlayan Tərtərçay magistral kanalı və sol sahil kanalı müharibədən sonra bərpa olunub. Hazırda isə sağ sahil kanalının yenidən qurulması üçün hazırlıq işləri davam edir.

Teleqraf-ın Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev Qarabağa təşkil edilən mediaturda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sağ sahil kanalında yenidənqurma işləri ərazilərin minalardan tam təmizlənməsindən sonra həyata keçiriləcək.

“Burada görülən işlərin hamısı Azərbaycan dövlətinin, dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Qeyd etdiyim kimi, Tərtər Suqovuşan hidroqovşağından başlayan Tərtərçay magistral kanalı və sol sahil kanalı müharibədən sonra bərpa olunub. Hazırda isə minatəmizləmə işləri başa çatdıqdan sonra sağ sahil kanalında yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur”, – deyə İ.Quliyev bildirib.

O qeyd edib ki, həyata keçirilən layihələr regionun su təsərrüfatı infrastrukturunun bərpasına, suvarma imkanlarının genişləndirilməsinə və kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək.