BAKI, 3 iyun. TELEQRAF

2026-cı ilin mart ayı ilə müqayisədə aprel-may aylarında Bakıda mənzil qiymətlərində artım müşahidə olunub.

Bu barədə Teleqraf-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, paytaxtda yeni tikililərdə mənzil qiymətləri apreldə 0,7%, mayda isə 1% artıb. Köhnə tikililərdə qiymət artımı müvafiq olaraq 1,1% və 1,5%, kotlovan (təməl) mərhələsində olan mənzillərdə isə 1,2% və 1,6% təşkil edib.

Ekspert bildirib ki, inzibati rayonlar üzrə ən yüksək bahalaşma Səbail rayonunda qeydə alınıb. Belə ki, burada yeni tikililərdə qiymətlər apreldə 1%, mayda 1,4%, köhnə tikililərdə müvafiq olaraq 1,4% və 2%, kotlovan mərhələsində olan mənzillərdə isə 1,6% və 2,3% artıb.

Yasamal və Nəsimi rayonlarında yeni tikililərin qiymətləri apreldə 0,9%, mayda isə 1,3% yüksəlib. Nərimanov, Xətai və Nizami rayonlarında bu göstərici apreldə 0,8% olub. May ayında isə qiymətlər Nərimanov və Xətai rayonlarında 1,2%, Nizami rayonunda 1,1% artıb.

May ayında Sabunçu və Suraxanı rayonlarında yeni tikililər üzrə qiymətlər 0,9%, Qaradağ və Xəzər rayonlarında 0,7%, Pirallahı rayonunda isə 0,5% bahalaşıb.

Köhnə tikililər bazarında may ayında ən yüksək artım Nəsimi rayonunda (1,9%) və Yasamal rayonunda (1,8%) qeydə alınıb. Binəqədi və Nizami rayonlarında qiymətlər 1,7%, Nərimanov, Xətai və Sabunçu rayonlarında 1,6%, Suraxanı rayonunda isə 1,4% yüksəlib. Qaradağ rayonunda artım 1,2%, Xəzər rayonunda 1,1%, Pirallahı rayonunda isə 0,9% olub.

Kotlovan mərhələsində olan mənzillərin qiymətlərinə gəlincə, may ayında Nəsimi rayonunda 2,2%, Yasamal rayonunda 2,1%, Nərimanov və Xətai rayonlarında 1,9%, Binəqədi və Nizami rayonlarında 1,7%, Sabunçu rayonunda 1,5% artım qeydə alınıb. Suraxanı rayonunda bu göstərici 1,4%, Qaradağ rayonunda 1,1%, Xəzər rayonunda 1%, Pirallahı rayonunda isə 0,8% təşkil edib.