BAKI, 14 mart. TELEQRAF
"Mərkəzi Asiya Avropa üçün vacib regiondur. Bu ölkələr, Azərbaycan kimi, ATƏT çərçivəsində Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir".
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais XIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, regionun sabitliyi və rifahı həm təhlükəsizlik, həm də Avropa biznesləri üçün iqtisadi imkanlar baxımından mühüm əhəmiyyət daşıyır.
O nun sözlərinə görə, Mərkəzi Asiya ölkələri daxili və xarici amillərə görə daha sıx əməkdaşlığa ehtiyac duyur və bu əməkdaşlıq artıq real faydalar verir: “Region Avrasiya quru kütləsinin mərkəzində yerləşdiyi üçün təhlükəsizlik, iqtisadi rəqabət və bazar üstünlüyü kimi çağırışlarla üzləşir. Bu səbəbdən ölkələrin bu çalxalanan dünyada daha sıx birlikdə hərəkət etməsi vacibdir.
Region həm də ciddi daxili problemlərlə üz-üzədir. Ən böyük çağırışlardan biri iqlim və xüsusilə su məsələsidir. Mərkəzi Asiyada su həyati əhəmiyyət daşıyır - su olan yerdə həyat var, su olmadıqda isə ərazi quraq və yaşayış üçün yararsız olur. Buna görə də suyun səmərəli istifadəsi və bölüşdürülməsi üzrə əməkdaşlıq vacibdir.
Bundan başqa, radikal ideologiyaların yayılması kimi təhlükələr də mövcuddur və cəmiyyətlərin dayanıqlığının artırılması üçün təcrübə mübadiləsi əhəmiyyətlidir”.