BAKI, 13 mart. TELEQRAF

"Hazırda hökumətin əsas vəzifəsi enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirmək və enerji sistemimizi gücləndirməkdir".

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

O qeyd edib ki, mövcud planlara görə, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik.

"Bərpa olunan enerji sahəsində böyük potensialımızın reallaşdırılması məqsədilə dünyanın aparıcı ölkələrinin şirkətləri ilə səmərəli əməkdaşlıq qurulub. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Bununla yanaşı, qaz təchizatı coğrafiyasının genişləndirilməsi və yeni ixrac marşrutlarının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir".

Əli Əəsdovun sözlərinə görə, 2025-ci il ərzində ixrac boru kəmərləri vasitəsilə ümumilikdə 25,2 mlrd. kubmetr qaz ixrac edilib: "Avropa bazarı ilə yanaşı, yeni istiqamətlər üzrə əməkdaşlıq inkişaf etdirilmiş və ilk dəfə olaraq Azərbaycan qazının Suriyaya tədarükünə başlanılıb. Ötən il Azərbaycan qazını alan ölkələrin sayı artaraq 14-ə yüksəlib. Hazırda bu ölkələrin sayı 16-ya çatıb. Belə ki, Avropanın daha iki ölkəsinə – Almaniya və Avstriyaya qaz tədarükünə başlanılıb".